Nəcəfov Fəxrəddin Vilayət oğlu 1967-ci il martın 31-də Bakı şəhərində anadan olub. 1984-cü ildə orta təhsilini başa vuraraq Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlayıb. Daha sonra hərbi xidmətə çağırılıb və 1987-ci ildə Arxangelsk vilayətində xidmətini başa vuraraq ordudan tərxis olunub.
Eyni ildə Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsində işə qəbul edilib. 1988–1990-cı illərdə nazirliyin təqdimatı ilə Xarkov Yanğından Mühafizə Ali Hərbi Məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra 14 saylı Yanğından Mühafizə İdarəsində qarovul rəisi vəzifəsində çalışıb.
1991-ci ildə Ermənistanın Azərbaycana hücumu başlayanda könüllü olaraq cəbhəyə yollanıb. İlk döyüşlərini Goranboyda aparsa da, 1992-ci ildən Ağdamda bölük komandiri kimi fəaliyyət göstərib. Onun dəstəsinə düşmən ərazisində qalan azərbaycanlı təyyarəçini xilas etmək tapşırığı verilib. Xilasetmə əməliyyatı zamanı mühasirəyə düşsələr də, Fəxrəddin Nəcəfovun şücaəti nəticəsində dəstə itkisiz çıxarılıb.
Döyüşlərdə bir neçə dəfə ağır yaralanıb, hospitalda müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıdıb. Qəhrəmanlığına görə pul mükafatı ilə təltif olunub və baş leytenant rütbəsinə yüksəldilib.
1992-ci il sentyabrın 4-də Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində gedən şiddətli döyüşlərdə rəşadətlə vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 noyabr tarixli, 290 saylı Fərmanı ilə Nəcəfov Fəxrəddin Vilayət oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Hazırda Nəsimi rayonunda yerləşən 266 nömrəli məktəb onun adını daşıyır, məktəbin qarşısında qəhrəmanın büstü ucaldılıb.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi