Süni dadlandırıcılar beyin sağlamlığına təsir edə bilər

A- A A+

“Neurology” jurnalında dərc olunan yeni araşdırma bəzi süni dadlandırıcıların uzunmüddətli beyin sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

NUHÇIXAN “MedicalXpress” portalına istinadla xəbər verir ki, Braziliyanın Sao Paulo Universitetindən alimlərin apardığı tədqiqatda 12 min 772 nəfər böyüklə bağlı məlumatlar təhlil edilib. Orta yaş 52 olan iştirakçılar səkkiz il ərzində izlənilib və onların qidalanma vərdişləri ilə koqnitiv test nəticələri müqayisə olunub.

Nəticələrə görə, ən çox süni dadlandırıcı qəbul edənlərdə yaddaş və düşünmə bacarıqları ən az qəbul edənlərlə müqayisədə 62 faiz daha sürətli zəifləyib. Bu, təxminən 1,6 il daha tez qocalmağa bərabərdir. Orta istehlakçılarda zəifləmə 35 faiz daha çox olub. Əlaqə, xüsusilə, 60 yaşdan aşağı şəxslərdə və diabetli insanlarda daha güclü müşahidə edilib. Aspartam, saxarin, asesülfam-K, eritritol, ksilitol və sorbitol koqnitiv tənəzzüllə əlaqələndirilib. Yalnız taqatoza ilə belə bir əlaqə tapılmayıb.

Tədqiqatçılar bildirirlər ki, süni dadlandırıcılar çox vaxt sağlam alternativ kimi qəbul olunsa da, onların uzunmüddətli təsirləri düşündüyümüz qədər zərərsiz olmaya bilər.

Mütəxəssislər nəticələrin hələ səbəb-nəticə əlaqəsini tam sübut etmədiyini vurğulayır və bal, ağcaqayın siropu kimi digər alternativlərin araşdırılmasına ehtiyac olduğunu bildirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: