26 Avqust - Laçın Şəhəri Günü “Zerti” Aqrosənaye Parkında açılan “Laçın həftə bazarı” sərfəli alış-veriş yeri olmaqla bərabər həm də istirahət günləri ünsiyyət üçün münasib məkana çevrilib.
NUHÇIXAN xəbər verir ki, adından bəlli olduğu kimi, həftə bazarı şənbə və bazar günlərində fəaliyyət göstərir. Layihə işğaldan azad olunmuş Laçının yaylaqlarında orqanik məhsul istehsal edən fermerlərə dəstək məqsədi daşıyır. Burada alıcı məhsulu birbaşa istehsalçının özündən əldə edə bilir. İlk gündən bazara yerli sakinlər, qonaqlar və rəsmi şəxslər böyük maraq göstəriblər. Burada həm aqrosənaye kompleksindəki müəssisələrin, həm də müstəqil fermerlərin orqanik məhsulları təqdim olunur.
Davamlı layihə turistlərin də marağını çəkib. Laçına gələn hər kəs məşhur Həkəri balığı, təzə ət-süd məhsulları, Laçın dağlarının şəfalı bitkiləri və maraqlı hədiyyələr, suvenirlər alıb aparmaq imkanı qazanır.
Qeyd edək ki, bazarın ilk günündə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Bakı Abadlıq Xidmətinin direktoru Bünyad Qasımov, Laçın Abadlıq Xidmətinin rəhbərliyi, həmçinin şəhər günü münasibətilə Laçına üz tutmuş ziyalılar, şəhərin qonaqları iştirak ediblər. Ötən həftə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da Laçındakı “Həftə bazarı” yarmarkasının qonağı olub. Getdikcə xoş sorağı Qarabağa və Şərqi Zəngəzura yayılan bazarın digər bölgələrdən də fermerləri cəlb edəcəyi gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.