NTV xəbər verir ki, yeni dərs ilinə hazırlıq ərəfəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi 1-ci sinfə qədəm qoyan şəhid övladlarını ziyarət edib. Balacalara dərs ləvazimatları hədiyyə olunub, onlara təhsil həyatlarında uğur arzulanıb.
Maliyyə naziri Həsən İsmayılov bildirib ki, şəhid övladlarına göstərilən diqqət və qayğı dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur. Şəhidlərimizin əmanəti olan övladlarının savadlı, vətənpərvər və vətəninə layiqli ömür sürmələri üçün hər birimiz məsuliyyət daşıyırıq. Onların təhsildə qazandıqları uğurlar həm ailələrinin, həm də bütün xalqımızın qürur mənbəyidir.
Bununla yanaşı Nazirliyin yerli bölməsi - Şərur Rayon Maliyyə İdarəsinin kollektivi də tələbə adı qazanmış şəhid Ruzi İbrahimovun qızı Gülay İbrahimovanı ziyarət edib. Ali məktəbə qəbul olan Gülay İbrahimovaya hədiyyələr təqdim olunub, ona gələcək təhsil həyatında uğurlar arzulanıb.
Valideynlər və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Maliyyə Nazirliyinin kollektivinə təşəkkür ediblər. Onlar vurğulayıblar ki, bu kimi ziyarətlər həm ailələr üçün mənəvi dayaq, həm də uşaqlar üçün təhsil yolunda əlavə stimul olur.