Tağızadə Eldar Abdulla oğlu 6 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. O, ilk təhsilini Nəsimi rayonundakı 164 saylı məktəbdə alıb. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunub.
Uşaqlıqdan arzusu polis olmaq idi. Təhsilini başa vurduqdan sonra Səbail Rayon Polis İdarəsində fəaliyyətə başlayıb. 1988-ci ildə Sverdlovsk şəhərində xüsusi kurs keçib və baş leytenant rütbəsinə yüksəlib.
Müharibə illərində çoxlu sayda girovun azad olunmasında böyük xidmətləri olub. 1991-ci ildə ona kapitan rütbəsi verilib. Daha sonra Daxili İşlər Nazirliyinin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edilib və 1992-ci ildə Qarabağa göndərilib.
1992-ci il iyunun 3-də "Şaka" ləqəbli cinayətkarı zərərsizləşdirmək üçün keçirilən əməliyyatda Eldar Tağızadə igidlik göstərib. O, cinayətkarın gizləndiyi binaya daxil olub. Lakin qəfil hücum nəticəsində sinəsindən güllə yarası alıb və şəhidlik zirvəsinə ucalıb. Eldar Tağızadə Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli, 162 saylı Fərmanı ilə Tağızadə Eldar Abdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Hazırda Bakıda küçələrdən biri və onun təhsil aldığı 164 saylı məktəb Eldar Tağızadənin adını daşıyır.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi