Şərurun qəhrəman oğlu – Məhərrəm Seyidov

A- A A+

Məhərrəm Mirəziz oğlu Seyidov 1952-ci il sentyabrın 7-də Şərur rayonunun Alışar kəndində anadan olub. 1969-cu ildə orta məktəbi bitirib. Xerson şəhərində hərbi xidmətdə olub.

Hərbi xidmətdən qayıtdıqdan sonra Daxili İşlər Orqanlarında əmək fəaliyyətinə başlayıb. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin qorunmasında fərqləndiyinə görə mükafatlandırılıb. Bakı Xüsusi Orta Milis Məktəbini bitirib, Şərur rayon Daxili İşlər Şöbəsinin mühafizə bölməsində baş inspektor vəzifəsində çalışıb.

1990-cı ildə ermənilərin Sədərək rayonuna hücumları başlayıb. Yanvarın 18-də ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, dinc əhalini amansızcasına qətlə yetirirdilər. Bununla əlaqədar Şərur rayon Daxili İşlər Şöbəsinin əməkdaşları hadisə yerinə göndərilib.

1990-cı il yanvarın 19-da kapitan Azər mühasirəyə düşüb. Məhərrəm Seyidov onu xilas etmək üçün özünü təhlükənin içinə atıb. Bu zaman özü də mühasirəyə düşsə də, kapitanı mühasirədən çıxarmağa nail olub. Dostunu xilas etsə də, Məhərrəm Seyidov qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, Şərur rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli 831 saylı fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Onun adı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində bir küçəyə, Şərur şəhər 2 saylı orta məktəbə və Şərur şəhərindəki küçələrdən birinə verilib, xatirəsinə büst ucaldılıb.

 

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: