Zamanı qabaqlayan rejissor

A- A A+

Hüseynağa Ağa­hüseyn oğlu Atakişiyev 1949-cu il sentyabrın 8-də Bakının məşhur Çəmbərəkənd məhəlləsində anadan olub. Üç uşaqdan ibarət ailənin böyük övladı idi (bir bacı, iki qardaş). O, cəmi 6 yaşında olarkən anasını gözləri önündə itirir. Bu ağır və sarsıdıcı səhnə onun uşaqlıq dünyasında dərin iz buraxır. Qəlbi sarsılmış uşaq evdən qaçır və bir neçə gündən sonra şəhər boyu axtarışdan sonra tapılır. Bəlkə də, sonradan hər kəsin onun haqqında dediyi - ciddi, dalğın və kövrək xarakterinin kökü məhz həmin illərin ağrılarında gizlidir.

Yoxsul həyat şəraiti evin böyük oğlu olan Hüseynağanı erkən yaşlarından - 12-13 yaşından işləyib ailəyə kömək etməyə vadar edir. Lakin buna baxmayaraq, o, təhsilindən geri qalmır. Həm işləyir, həm də dərslərini böyük əzmlə davam etdirir.

Tale onu öz ayaqları ilə teatra gətirir və bu sənət ocağına bir də ayrılmamaq şərti ilə bağlanır. Teatrda ilk işi işıqçılıq olur. Yalnız iki il - hərbi xidmət dövründə sevdiyi teatrdan uzaq qalır. Hərbi xidmətdən sonra isə yenidən sənət yoluna davam edir.

Teatr sevgisi onu M.Əliyev adına İncəsənət İnstitutuna gətirib çıxarır. Burada dörd il ərzində görkəmli rejissor və pedaqoq Mehdi Məmmədovun kursunda aktyor sənətini öyrənir.

1975-ci ildə institutdan məzun olduqdan sonra dostu, Moskva Teatr İnstitutunun məzunu Vaqif Abbasovla birlikdə Şəkiyə — teatr yaratmağa yollanırlar. Beləliklə, Hüseynağa Atakişiyev Şəki Dövlət Teatrında aktyor kimi fəaliyyətə başlayır. Cəmi bir il sonra teatrın yaradıcı prosesinə rəhbərlik ona tapşırılır və o, həm də baş rejissor təyin olunur.

Şəkidə onun ilk rejissor işi “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) tamaşası olur və bu səhnə əsəri ona böyük uğur gətirir. Məhz burada o, Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü” əsərini ilk dəfə səhnələşdirən rejissor kimi də tarixə düşür.

Rejissor kimi Şəkidə qazandığı uğurların sədası Bakıya da çatır və bir neçə ildən sonra o, paytaxta dəvət olunur.

1985-ci ildə Hüseynağa Atakişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyətə başlayır. Lakin burada tətbiq etməyə çalışdığı yeni teatr yanaşmaları, yenilikçi baxışları bəziləri tərəfindən qəbul olunmur. Bu səbəbdən 1989-cu ildə teatrdan uzaqlaşır.

Elə həmin il - 1989-cu ilin mart ayının 27-də, Beynəlxalq Teatr Günündə Hüseynağa Atakişiyev öz təşəbbüsü və ideyası ilə Azərbaycan Dövlət Gənclər Teatrının əsasını qoyur. O, bir çox istedadlı gənc aktyorları bu teatra cəlb edir. Teatr ilk fəaliyyətinə Yusif Səmədoğlunun “Qətl günü” əsəri ilə başlayır. 1993-cü ildə isə teatra Dövlət statusu verilir. Hüseynağa Atakişiyev 17 il boyunca bu teatra rəhbərlik edir və səs-küyə səbəb olan, yadda qalan tamaşalar hazırlayır.

Onun adı dünyanın 20-dən artıq məşhur dramaturqunun əsərlərinin Azərbaycan səhnəsinə ilk dəfə gətirilməsi ilə bağlıdır. Həmçinin, o, bu əsərlərin çoxunu Azərbaycan dilinə tərcümə etmiş, televiziya və səhnə üçün ssenarilər yazmışdır.

2006-cı il aprelin 9-da Hüseynağa Atakişiyev teatrda, iş prosesi zamanı qəfil keçirdiyi beyin qansızmasından (infarktdan) dünyasını dəyişir. Onun son tamaşası Firuz Mustafanın “Qara qutu” əsəri olmuşdur. Təəssüf ki, bu tamaşanın premyerasını görmək ona qismət olmur.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: