Zoğalın möcüzəvi faydaları

A- A A+

Zoğal bitkisi mart ayının ortalarında çiçək açmağa başlayır və meyvəsinin tam yetişməsi üçün azı 5-6 ay tələb olunur. Bu qədər uzun müddətə yetişən və formalaşan ikinci bir meyvə ağacı demək olar ki, yoxdur. Tarixçilərin bildirdiyinə görə, İsveçrədə aparılan arxeoloji qazıntılar zamanı ilk zoğal çəyirdəyinə rast gəlinmişdir.

Zoğal meyvəsinin tərkibində 20-25% şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11% üzvi turşular (limon, alma və s.), 8% peyvənd maddəsi, karotin, C və B vitaminləri, boya və pektin maddələri mövcuddur.

Xalq təbabətində istifadəsi

Zoğalın təzə meyvəsi və şirəsi xalq təbabətində şəkərli diabet zamanı sərinləşdirici və ürək yanğısını azaldan vasitə kimi istifadə olunur. Meyvəsinin tumu qovrulub toz halına salındıqdan sonra uşaqlarda ishal və dizenteriyaya qarşı tətbiq edilir. Zoğal meyvəsindən hazırlanmış çaxır isə bu xəstəliklərin müalicəsində ən effektiv vasitələrdən biri hesab olunur.

Zoğal yarpaqlarından dəmlənmiş çay orqanizmə sakitləşdirici təsir göstərir və surroqat çay kimi istifadə olunur. Qurudulmuş meyvəsinin dəmləməsi isə qədimdən malyariyaya qarşı istifadə edilir. Bu məqsədlə gündə 2-3 dəfə, hər dəfə bir stəkan olmaqla içilməsi tövsiyə olunur.

Zoğaldan hazırlanmış lavaş iştaha açıcı, mədə üçün faydalı və dadverici vasitə kimi müxtəlif xörəklərdə geniş istifadə edilir. Meyvə yetişdikcə turşuluğu azalır, şəkərliliyi artır. Buna görə də zoğal al-qırmızı rəng aldıqda toplanması tövsiyə olunur.

Müalicəvi vasitələr

Zoğal qabığından hazırlanan ekstrakt arpa unu ilə qarışdırılaraq pasterizə bənzər maddə əldə edilir ki, bu da səpkilər və çibanların müalicəsində istifadə olunur. Zoğal şirəsi damcı formasında göz xəstəliklərində tətbiq edilir. Meyvəsinin ətli hissəsindən hazırlanan preparatlar zülalın asan həzm olunmasına və ishalın qarşısının alınmasına kömək edir.

Zoğal şirəsinə bal və yumurta sarısı əlavə olunaraq qarın yatalağının (tif) müalicəsində istifadə edilir. Yarpaq və cavan budaqlarından hazırlanmış spirtli cövhər ödqovucu və sidikqovucu təsir göstərir. Meyvə, şirə və çəyirdəklərdən hazırlanan spirtli tinktura qızdırmanı salır, qabıqdan hazırlanan spirtli məhlul isə orqanizmin ümumi fəaliyyətini gücləndirir. Çəyirdəklərindən qəhvə əvəzedicisi də hazırlamaq mümkündür.

Profilaktik və qoruyucu təsiri

Zoğal infarkt riskini azaldır, xərçəngə səbəb olan amillərin qarşısını alır və mövcud xərçəngin inkişafını ləngidir. Zoğal meyvəsi melatoninlə zəngindir. Melatonin gecə ifraz olunur və orqanizmin sağlam yuxu ritmini tənzimləyir. Melatoninin çatışmazlığı hüceyrə istehsalının pozulmasına və xərçəng riskinin artmasına səbəb ola bilər. Yuxu problemi yaşayanlara yatmazdan əvvəl 1 stəkan zoğal suyu içmək məsləhət görülür.

Gündə bir ovuc zoğal yemək, xüsusilə döş xərçəngi hüceyrələrinin inkişafını ləngidə bilər. Araşdırmalar göstərir ki, zoğalda brokolidən beş dəfə artıq antioksidant mövcuddur. Bu antioksidantlar hüceyrə quruluşunu qoruyur.

Zoğal damar tıxanmasının qarşısını alır, ürək xəstəlikləri və iflic riskini azaldır. Sidikdə turşuluğu artıraraq böyrək daşı əmələ gəlməsinin qarşısını alır və mövcud daşların atılmasını asanlaşdırır.

Digər faydaları

Zoğal təbii antibiotik olaraq mədə xorası kimi xəstəliklərə qarşı təsirlidir. Bədəni qızdırmadan azad edir və ishalı dayandırır. Yaraların və yanıqların müalicəsində istifadə olunur - meyvə əzilərək zədələnmiş nahiyəyə qoyulur. Eyni zamanda, depressiya və digər ruhi pozuntularda dəstəkləyici qida kimi tövsiyə olunur.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: