Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-i Azərbaycan Respublikasının Daxili Qoşunlar Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. 1994-cü il fevralın 8-də qəbul olunmuş “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Daxili Qoşunların əsas funksiyaları, vəzifələri və fəaliyyət prinsipləri müəyyən edilmişdir.
Ulu öndərimiz tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir. Bu istiqamətdə Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir”, - deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir.
1995-ci il aprel ayının 10-da Daxili Qoşunların Naxçıvandakı “N” saylı hərbi hissəsi, 2002-ci il dekabr ayının 4-də hərbi hissənin bazasında Daxili Qoşunların Naxçıvan Alayı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli Sərəncamı ilə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası yaradılmışdır. Ötən dövrdə briqada qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmiş, ictimai asayişin qorunmasında zəngin xidməti təcrübə toplayaraq hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsində mühüm nailiyyətlər qazanmışdır.
Bu gün Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə ötən dövrdə briqadanın maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Aparılan islahatlar, döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminat və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması qarşıya qoyulan xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.
Yüksək mənəvi-psixoloji hazırlığa nail olunmadan hərbi xidməti düzgün təşkil etmək mümkün deyil. Buna görə də şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Son illər briqadanın ərazisində müasir standartlara uyğun yaşayış binaları, yeməkxana, anbarlar, müasir qazanxanalar və digər sosial məişət obyektləri inşa edilmiş, hərbi hissə abad və yaraşıqlı bir şəhərciyə çevrilmişdir. Zabit-gizir ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 60 və 45 mənzildən ibarət iki beşmərtəbəli və 12 mənzildən ibarət üçmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının müasir döyüş texnikaları ilə təmin olunması da diqqət mərkəzində saxlanılır. Bu gün briqadada xidməti vəzifələrin yerinə yetirməsi üçün lazımi şərait yaradılmışdır. Həyata keçirilən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini daha da yüksəldir. Hazırda Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında ciddi nizam-intizam vardır. Cəmiyyətin və dövlətin mənafeyinin qorunmasında, habelə ictimai asayişin mühafizəsində daim sayıqlıq nümayiş olunur, əsgər və zabitlər üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları operativ yerinə yetirir. Hazırlığın yüksək səviyyədə saxlanması ictimai təhlükəsizliyin təmin edilməsində, eləcə də xüsusi əməliyyatlarda şəxsi heyətin böyük təcrübələr qazanmasına şərait yaradır. Şəxsi heyətin yeni silahlardan istifadə qaydaları üzrə bilik və bacarığı təkmilləşdirilir, müntəzəm olaraq metodiki təlim toplantıları, səhra çıxışları və döyüş atışlı taktiki təlimlər keçirilir.
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, cəmiyyətin və dövlətin mənafeyini, eləcə də vətəndaşların hüquq və azadlıqlarını etibarlı qoruyacaqdır.