Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilib, Bakı şəhərində dövriyyəyə buraxılmasının qarşısının alınması məqsədilə əməliyyatları davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov həmin cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb.
Onda tərkibinə zərərli maddələr əlavə edilmiş 60 kiloqram marixuana aşkarlanıb.
Mahir Məhərrəmov cinayət məsuliyyətindən yayınmaq məqsədilə narkotiklərin daşımasını taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən istifadə edərək təşkil edib. Əməliyyat-texniki tədbirlər nəticəsində onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə əlbir olub, ölkə ərazisində narkotik vasitələrin yayılmasını təşkil etdiyi sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.