Zəngəzur dəhlizinin işə düşməsi ilə Türkiyə və bütövlükdə region strateji səmərə əldə edəcək ki, bu da dövlətlərin inkişafına və rifahının artmasına mühüm təkan olacaq.
NUHÇIXAN-nın məlumatına görə bu fikirləri Türkiyənin aparıcı metropoliten universitetlərinin professorları Oktay Tanrısever və Levent Aydın ifadə ediblər.
Orta Doğu Texniki Universitetinin (ODTÜ) Beynəlxalq əlaqələr kafedrasının professoru Oktay Tanrısevər türkiyəli jurnalistlərə açıqlamasında bildirib ki, Avropa və Asiya bazarları arasında ən qısa yol olan Zəngəzur dəhlizi hər iki qitə üçün kritik əhəmiyyətə malikdir.
“Strateji marşrut münaqişə bölgələrinin beynəlxalq ticarətə təsirini azaldacaq, enerji təchizatı və elektrik enerjisi ixracı üçün potensial istiqamətə çevriləcək”, - deyən professor bu məqsədə çatmağın Zəngəzur dəhlizində təhlükəsizlik risklərinin aradan qaldırılması ilə mümkün olacağını diqqətə çatdırıb.
Ekspert Zəngəzur dəhlizi ilə neft və qaz kəmərlərinin, eləcə də elektrik xətlərinin çəkilməsinin mümkünlüyünü istisna etməyib ki, bu da onun fikrincə, Türkiyəni böyük regional enerji və logistika mərkəzinə çevirmək məqsədini daha da yaxınlaşdıracaq.
Öz növbəsində, Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) iqtisadiyyat professoru Levent Aydın Zəngəzur dəhlizinin əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, yeni marşrut Xəzər regionu ilə Avropa arasında nəqliyyat, logistika və enerji əlaqələrini gücləndirəcək.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasındakı dəhliz təkcə avtomobil və dəmir yolu daşımalarına yol açmayacaq, həm də yeni boru kəmərlərinin və kommunikasiya kabellərinin çəkilməsinə imkan verəcək.
ASBÜ professoru gələcəkdə türkmən qazının Zəngəzur dəhlizi ilə ixrac olunacağını ehtimal edərək əminliklə bildirib ki, bu marşrutun istismarı çərçivəsində irəli sürüləcək bütün təşəbbüslər Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənəcək.
“Cənubi Qafqazda münasibətlərin normallaşması beynəlxalq investorlar üçün də stimul olacaq. Düşünürəm ki, yaxın 5-10 ildə Naxçıvan ərazisindən qaz kəmərləri və elektrik xətləri ilə bağlı yeni layihələrin müzakirəsinə başlanacaq və daha qısa müddətdə ticarətə təkan verəcək avtomobil və dəmir yolu kommunikasiyalarının bərpası istiqamətində konkret addımlar atılacaq”, -deyə ekspert bildirib.