Azərbaycan və Macarıstan sərhəd nəzarət məntəqələrində baytarlıq və fitosanitar nəzarətin təşkili sahəsində təcrübə mübadiləsi aparacaq

A- A A+

Məlum olduğu kimi, sentyabrın 5-də Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib. İclasdan sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.

Bununla bağlı NUHÇIXAN-nın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, hər iki qurum 2022-ci il 3 fevral tarixli “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu və 2023-cü il 30 yanvar tarixli “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun müddəalarından irəli gələrək, 2025-2027-ci illər ərzində bir neçə istiqamət üzrə əməkdaşlığın həyata keçirilməsinə dair qərara gəlib.

Bunlar sərhəd nəzarət məntəqələrində baytarlıq və fitosanitar nəzarətin təşkili sahəsində təcrübə mübadiləsi, zoonoz xəstəliklərin qarşısının alınması və baytarlıq preparatlarına nəzarət üzrə qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, zoonoz xəstəliklərin laborator diaqnostikası və risk təhlili sahəsində qarşılıqlı təcrübənin təşviqi, heyvanların ixracı zamanı karantin meydançalarında işin təşkili və ixracdan öncə həyata keçirilən baytarlıq tədbirləri üzrə əməkdaşlıq, baytarlıq nəzarətində olan yüklərin idxal-ixracına dair məhdudiyyətlər, eləcə də ölkələrin epizootik vəziyyəti barədə qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsidir.

Həmçinin Fəaliyyət Planında qeydiyyatı tələb olunan məhsulların (yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida məhsulları, təbii mineral sular), bitki mühafizə vasitələri (o cümlədən pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr), baytarlıq preparatları) qeydiyyat prosedurlarına dair təcrübə mübadiləsi, bitki karantini və mühafizəsi, o cümlədən invaziv növlərin aşkarlanması sahəsində informasiya mübadiləsinin gücləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqinin təşviqi də nəzərdə tutulub.

Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə hər iki qurum ildə ən azı bir dəfə ikitərəfli məsləhətləşmələr aparacaq. Tədbirlər Planı imzalandığı gündən etibarən 2027-ci il dekabrın 31-dək qüvvədə olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: