Bu gün Beynəlxalq Gözəllik Günüdür

A- A A+

Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) tərəfindən irəli sürülən təşəbbüsə əsasən, hər il 9 sentyabr Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur. Bu gün 1995-ci ildən etibarən müxtəlif ölkələrdə müxtəlif tədbir və müsabiqələrlə qeyd edilir.

Ənənəvi olaraq bu gün bir sıra ölkələrdə gözəllik müsabiqələri təşkil olunur. İştirakçılar arasında klassik sayılan 90-60-90 ölçülərə uyğun gəlməyənlər də olsa da, münsiflər əsasən zahiri görkəmin mütənasibliyi və fərdi gözəllik kriteriyalarına üstünlük verirlər.

Gözəllik müsabiqələrinin tarixi qədim yunan mifologiyasına dayanır. Rəvayətə görə, ilk belə yarışma Hera, Afrodita və Afina arasında keçirilib. Münsif qismində çıxış edən Paris, "ən gözəl" adına Afroditanı layiq görüb.

Hazırda dünyada dörd əsas beynəlxalq gözəllik müsabiqəsi mövcuddur:
"Dünya Gözəli", "Kainat Gözəli", "Miss International" və "Yer Kürəsinin Gözəli".

İlk "Kainat Gözəli" titulunu finlandiyalı Armi Kuusela qazanıb. O, 1952-ci ildə ailə həyatı quraraq bu tituldan imtina edib.

Gözəllik müsabiqələrində iştirakçılar əvvəlcədən müəyyən olunmuş qaydalara uyğun seçilirlər. Əsas meyarlara boy, bədən proporsiyaları, savad və mədəni səviyyə daxildir. Bir çox beynəlxalq yarışmalarda subay və övladı olmayan iştirakçılar üstünlük təşkil edir.

Müsəlman ölkələrindən biri olan İndoneziyada da gözəllik yarışmaları keçirilir. Burada iştirakçılar hicablı olur və yarışmanın məqsədi müsəlman qadınının zərifliyini və mənəviyyatını ön plana çıxarmaqdır. Münsiflər heyətində uşaqlar da yer alır. İştirakçılardan Qurani-Kərimdən parçalar söyləmək, islami biliklərə sahib olmaq və mərhəmətli davranış nümayiş etdirmək tələb olunur. Qalibə tac və Quran təqdim edilir.

"Kainat Gözəli" titulunu qazanan xanım Nyu-Yorkda yaşamalı, səfərlərdə iştirak etməli və evlənməməlidir. O, həmçinin QİÇS və süd vəzi xərçəngi ilə mübarizəyə yönəlmiş sosial layihələrdə iştirak etməlidir.

Gözəlliyə xüsusi önəm verilən ölkələrdən biri də Venesueladır. Burada gözəllik kraliçaları hazırlayan akademiyalar fəaliyyət göstərir. Lakin bu akademiyalarda 18 yaşdan aşağı qızlara kosmetik prosedurlar və hormonal terapiyalar tətbiq edilməsi narahatlıq doğuran məqamlardandır.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: