Bu gün Yel çərşənbəsidir

A- A A+

Xalq arasında boz aya bayram ayı da deyirlər. Müxtəlif adlarla bilinən boz ayın dörd çərşənbəsi çillə çıxartmanı əhatə edir. Qədim adətlərə görə bu ayın dörd çərşənbəsi müqəddəs sayılmış və təbiətin dəyişməsində dörd ünsür: su, torpaq, yel (hava) və od mühüm rol oynamışdır. Bu çərşənbələrin hər biri öz mərasim və ayinlərinin zənginliyi və təmtəraqlı olması ilə seçilmişdir.

Folklor yaddaşımızda da insanın yaradılışının bu dörd mərhələdə həyata keçirildiyi düşüncəsinə rast gəlirik. Yaradan əvvəlcə suyu götürdü, onu torpaqla qarışdırdı və bir insan hazırladı. Sonra ona ruh (nəfəs-hava-yel) verdi. Ən sonda isə onu istiliklə təmin etdi. Beləcə, İlahi tərəfindən həyata keçirilən bu yaradılış ardıcıllığı çərşənbələrdə qeyd olunaraq yaradana minnətdarlıq hissi kimi ortaya çıxdı.

Ulu əcdadlarımız yaradılışın bu dörd ünsürünü özünün ilkin ibtidai düşüncə sistemindən keçirərək onu simvollaşdırmış, bu ardıcıllıq prinsipinə əsaslanaraq şifahi mətnlər, dastanlar yaratmışlar. Yaradılış dastanında da biz bu işarələri açıq-aydın müşahidə edirik. Bu da bütün türk dünyasında qeyd olunan çərşənbələrin ardıcıllıq prinsipində özünü göstərən amillərdən birinə çevrilmişdir.

İnsanın yaradılışından əlavə, çərşənbələr öz sakral mahiyyətində təbiətin canlanması ardıcıllığını da hifz edir. Belə ki, öz sərt soyuğu ilə “asıb-kəsən” kiçik çillə başa çatandan sonra təbiətdə mülayimləşmə başlayır. Bu zaman ilk olaraq su qızmağa, əriməyə başlayır. Bundan sonra torpaq isinir. Torpağın isinməsindən sonra soyuq və isti havanın qarşılıqlı mübadiləsi prosesi baş verir. Təbiətdə baş verən coğrafi hadisələrdən də bizə bəlli olan soyuq və isti hava axınının yerdəyişməsindən külək – yel əmələ gəlir. İsti hava axını – külək isə havanı qızdırır. Ən sonda isə qeyd olunan əvvəlki ünsürlərin qızmasından sona Günəşin hərarəti hiss edilir. İnsanlar və təbiət, canlı və cansız bütün varlıqlar odu – istini duyurlar.

Yuxarıda qeyd etdiyimiz ardıcıllıq uzun minilliklər boyu insanların həyatına və yaşayışına da təsir etmişdir. Məhz bu hadisələr ulu əcdadlarımızın inam və inanc sistemini formalaşdırmışdır. Nəticədə Suya, Torpağa, Yelə və Oda inam meydana gəlmiş, bu ünsürlərin hər birinə aid müxtəlif ayinlər, mərasimlər təşkil edilmişdir. Bütün bunlar bu gün təmtəraqla qeyd etdiyimiz dörd çərşənbənin yaranmasına səbəb olmuşdur.

Bu barədə bir çox tədqiqatçıların maraqlı fikirləri də mövcuddur. Onlardan biri – Gülxani Pənah yazır ki, İlaxır çərşənbələrdən biri olan Yel cansız torpağı və suyu durğunluqdan çıxarır, canlılara nəfəs verir, öz hərəkətliliyini, dinamikliliyini onlarla keçirir.

Folklorşünas alim Ramazan Qafarlı “Munisnamə”yə istinad edərək qeyd edir ki, “Azərbaycanda Səhayıl (qədim türk tanrısı Səbayel bəlkə də bu inancdan yaranmışdır) dəniz suyunun və küləklərin qoruyucusudur. O, göyə yüksələn əli ilə sərt küləklərin, qasırğanın, yerə dikilən əli ilə coşub-daşan dəniz sularının qarşısını alır. Əgər Səhayıl sol əlini yerdən götürsə, dəniz suyu kükrəyib bütün çölləri, düzləri basar, insanlar sulara qərq olar, boğulub ölər. Sağ əlini aşağı salsa, tufan, qasırğa qopar, dünya üzünü silib aparar, canlı varlıqlardan əsər-əlamət qalmaz”.

Xalq təqviminə görə Boz ayın üçüncü çərşənbəsi Külək çərşənbəsi və ya Yel çərşənbəsidir. Külək çərşənbəsində küləklər əsməyə başlayır və gün ərzində küləyin istiqaməti bir neçə dəfə dəyişir. Bu dəyişikliklər havanın təmizlənməsi kimi qəbul edilir. Bu dövrdə əsən küləyə “vədə yeli” də deyilir. “Vədə yeli, ağ yeldir” deyib atalarımız. Güney Azərbaycanda da Novruz bayramına 15 gün qalmış əsməyə başlayan küləklərə “vədə yeli” deyilir. Bu da, hesablamalara görə, Külək çərşənbəsinə təsadüf edir. Bu küləyin əsməsi təmizlik işlərinə başlamağın (bayram təmizliyi) vaxtının çatdığını bildirir. Qaraqoyunlu türklərində də Güney tərəfdən gələn yelə “ağ yel” deyirlər. Bu yel hər il mart ayının ikinci ongünlüyündə əsər. Ağ yel isti bir yel olub qarları əridir. Bu yelin əsməsi ilə xalq “bayram (Novruz) gəlir” deyə sevinir.

Bəzi tədqiqatçılar yazır ki, bu külək ilin müəyyən bir dövründə əsdiyindən “vədə” (yəni, gözlənilən vaxtda əsən) külək adını almışdır. Xalq arasında vədə yelinə həm də “ələyəz yeli” (ələyəz ot adıdır) deyilir. Bir deyimə görə, “ələyəz yeli” qalxdısa, yaz gələr. Ələyəz yelinin hansı istiqamətə əsdiyi bilinməz. Buna uyğun olaraq Naxçıvan bölgəsində sözü, fikri, əqidəsi bilinməyən adama “ələyəz yelidir, hərdən bir tərəfə əsir” deyirlər.

Digər bir deyimə görə, vədə yeli yazın yelidir. Elə ki, əsməyə başladı, ağacların oyanmasına kömək edər. Köçəri quşlar (leylək, durna, qaranquş) yazın ilk müjdəçiləri hesab edilir. Vədə yelinin əsməsi və bu quşların gəlməsi ilə əsl yaz başlayar. Boz ayın üçüncü çərşənbəsində əsən küləklər Novruzdan bir həftə sonra dayanar. Onu da qeyd edək ki, Türkiyənin Anadolu bölgəsinin bəzi yerlərində bu çərşənbədə damların üstündə yel çörəyi, yel hədiyi bişirilər və ətrafdakı evlərə paylanılar.

Xalq arasında küləklə, yellə bağlı bir çox folklor nümunələri də mövcuddur. Xüsusilə bəzi mərasim nəğmələrində “Yel baba”, hətta bəzi bölgələrdə “Yel nənə” ifadəsi də qarşımıza çıxır:

Qonaq oldu Yel nənəm,

Şirin-şəkər dil nənəm.

Yel babam Oğanımdır,

Yel nənəm Uğanımdır.

Oğanım qismətimdir,

Uğanım ismətimdir.

Oğanım hərəkətdir,

Uğanım bərəkətdir.

   Yel çərşənbəsində keçirilən mərasimlərdə oxunan nəğmələr çoxdur. Onlardan biri də aşağıdakı kimidir:

A Yel babam, Yel babam,

A gül babam, gül babam.

Əs hoyur-hoyur babam,

A Yel babam əsə gəl,

El-obanı kəsə gəl.

A Yel babam, Yel əs gətir,

Xeyir-xəbər səs gətir.

Xalqımızın bir çox folklor nümunələrində yellə bağlı maraqlı ifadələrə rast gəlinir. Atalar sözü və məsəllərdə bu daha çox qarşımıza çıxır. “Yel aparan yelinkidir, yerdə qalan mənimki”, “Yelə tüpürsən, öz üstünə gələr”, “Yel qayadan nə aparar?”, “Yelnən gələn selnən gedər, elnəngələn gülnən gedər”, “Yelin zarafatı qovmaqla başlar”, “Yelə verdiyin düşmənə qismət olar”, “Yelə qoşulan çox uzağa getməz” və s.

Sözümüzü folklor materiallarında tez-tez rast gəlinən, xalqımızın Yel babaya üz tutaraq söylədiyi bu misralarla bitirir və bütün xalqımız üçün Yel babadan xoş arzular diləyirik:

A Yel babam, Yel babam,

A gül babam, gəl babam,

Al azarımı-bezarımı,

Bol et sən bazarımı,

Uğurlu et güzarımı.

Elxan Məmmədov,

AMEA Naxçıvan Bölməsinin

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun

Folklorşünaslıq şöbəsinin müdiri,

filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: