Naxçıvanda məhkumlar arasında şahmat turniri keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda məhkumlar arasında şahmat turniri təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin “Konstitusiya və Suverenlik İli” ilə bağlı təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq sentyabrın 10-da Penitensiar Xidmətin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində keçirilib.
Turnirdə məhkumlar iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxışında qeyd edib ki, bu cür tədbirlər məhkumların intellektual və mənəvi inkişafına, onların cəmiyyətə reinteqrasiyasına mühüm töhfə verir.
"Ədliyyə Nazirliyi olaraq biz bu il ərzində müxtəlif istiqamətlər üzrə maarifləndirici, hüquqi və sosial tədbirlər həyata keçiririk. Məqsədimiz məhkumların yenidən sağlam ictimai həyata qayıdışını dəstəkləməkdir", - deyə şöbə rəisi qeyd edib.
Yarışın təşkilində Naxçıvanın şahmat mütəxəssisi Tural Zeynalov da iştirak edib.
Turnirin sonunda qalib gələn məhkumlara fəxri fərmanlar təqdim olunub. Bildirilib ki, bu cür tədbirlər gələcəkdə də davam etdiriləcək.