Gənc könüllülər üçün motivasiya təlimi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Gənclərin Şəxsi İnkişaf Həftəsi”nin üçüncü günündə gənclərin şəxsi inkişafına dəstək məqsədilə motivasiya mövzusunda təlim təşkil olunub. Naxçıvan şəhərində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova “Motivasiya: uğura aparan yol” mövzusunda çıxış edib. Təlim zamanı motivasiyanın insan həyatında oynadığı rol, şəxsi inkişaf və karyera yolunda əhəmiyyəti, pozitiv həyat tərzinin formalaşdırılması, məqsədyönlü fəaliyyətin uğura təsiri barədə iştirakçılara ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən proqram çərçivəsində baş tutan görüşdə interaktiv üsullardan istifadə olunub. Gənclərin mövzuya yanaşmasını öyrənmək məqsədilə sorğu keçirilib, komanda işi və yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirən oyun təşkil olunub. İştirakçıların motivasiya ilə bağlı sualları ətraflı cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.
Təlimdə vurğulanıb ki, uğura gedən yolda insanın əsas güc mənbəyi öz daxili motivasiyasıdır. Ona görə də gənclərin bu keyfiyyəti inkişaf etdirməsi, qarşıya qoyduqları məqsədlərə fokuslanaraq addım atması xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Gənclərin Şəxsi İnkişaf Həftəsi” çərçivəsində keçirilən tədbirlər gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək, onların müasir dövrün tələblərinə uyğun bilik və vərdişlər qazanmasına şərait yaratmaq məqsədi daşıyır. Proqramın davamında gənclər üçün layihələrin idarə olunması və sosial şəbəkələrdə brendinq mövzularında növbəti təlimlərin keçirilməsi nəzərdə tutulur.