Almaniyanın "Nfident GmbH" şirkəti Azərbaycan və Gürcüstan hökumətləri ilə mümkün əməkdaşlıq barədə danışıqlar aparır.
Bu barədə NUHÇIXAN-a "Nfident"in biznesin inkişafı üzrə meneceri Verner Peters (Werner Peeters) Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" adlı konfransı çərçivəsində bildirib.
Onun sözlərinə görə, iki həftə əvvəl "Nfident" Qazaxıstanın Kurık limanı ilə Anlaşma Memorandumu imzalayıb, həmçinin Tacikistan və Özbəkistanın gömrük xidmətləri ilə danışıqlar aparır.
"Orta Dəhliz artıq Çin və Avropa arasında gələcək yük daşımalarının ayrılmaz hissəsinə çevrilib. Lakin həm dəmir yolu, həm də dəniz infrastrukturunun məhdud ötürücülük qabiliyyəti ilə bağlı çağırışlar mövcuddur.
Çindən Avropaya yüklər iki dəfə su hövzələrini - Xəzər dənizini və Qara dənizi keçməlidir. Bu isə hərəkəti yavaşladır. Biz təchizat zəncirinin bütün iştirakçılarını: Aktau, Kurık, Batumi, Poti, Konstansa və digər limanları birləşdirəcək proqram platforması yaratmağı planlaşdırırıq", - şirkətin nümayəndəsi qeyd edib.
"Nfident"in meneceri təkcə limanların deyil, "limanın arxasında" yerləşən daxili ərazilərin də cəlb edilməsinin vacib olduğunu vurğulayıb.
Zəngəzur dəhlizi (TRIPP) məsələsinə toxunan V.Peters Bakının əsas rolunu qeyd edib:
"Yüklər Aktau, Kurık və Türkmənbaşıdan gəlir. Onların hamısı yalnız bir yerə - Bakıya yönəlir. Bu həftə biz Bakı limanı ilə onun genişləndirilməsi və digər məsələlər üzrə danışıqlar apardıq. Biz görürük ki, liman ötürücülük qabiliyyətini və həcmləri artırmağa hazırlaşır. Bunun üçün Çindən və digər ölkələrdən artan yük axınını idarə etmək məqsədilə rəqəmsallaşmaya ehtiyac olacaq. Məsələn, Türkmənistan mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edir və onun üçün də səmərəli logistikanın olması vacibdir. Buna görə Bakı həqiqətən əsas həlqədir. Daha sonra yüklər Gürcüstana - Batumi və Poti limanlarına yönəldilir".