Vətən sevgisi ilə zirvəyə ucalan dörd qəhrəman - FOTOLAR
Sentyabrın 10-u Azərbaycanın dörd igid övladının doğum günüdür. Onlar fərqli illərdə, fərqli dövrlərdə dünyaya gəlsələr də, həyat yolları Vətən sevgisində birləşərək şəhidlik zirvəsində tamamlanıb.
Milli Qəhrəman Fərhad Hümbətov 1968-ci ildə Qərbi Azərbaycanın Arçut kəndində anadan olub. 1992-ci il aprelin 3-də Xankəndi yaxınlığında gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub və "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Vahid Ələkbərov 1973-cü ildə Şahbuz rayonunun Badamlı qəsəbəsində doğulub. 1992-ci il mayın 19-da Sədərəkdə, Mil dağında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Orxan İsmayılov 1976-cı ildə Ordubad rayonunun Başkənd kəndində dünyaya göz açıb. 1995-ci il dekabrın 23-də Ordubadın Kilit sərhəd məntəqəsində xidmətdə olarkən şəhid olub.
Kəmaləddin Məmmədov 1996-cı ildə Kəngərli rayonunun Xok kəndində doğulub. 44 günlük Vətən müharibəsində Şuşanın azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub və ölümündən sonra bir sıra medallarla təltif edilib.
Onların hər biri Azərbaycanın azadlığı və ərazi bütövlüyü naminə canını fəda edərək, gələcək nəsillərə Vətən sevgisinin ən uca nümunəsini miras qoyublar.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi