Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib - FOTOLAR
Sentyabrın 10-da Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, konfransda Təhsil Nazirliyinin rayon, şəhər təhsil şöbələrinin, ümumtəhsil, məktəbəqədər, peşə, məktəbdənkənar müəssisələrinin əməkdaşları və qabaqcıl təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov 2024-2025-ci tədris ilində əldə olunan uğurlardan, aparılan islahatlardan danışıb.
Konfransda Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin, Analtik təhlil və statistika, Peşə təhsili, Uşaq və Gənclərin inkişafı sektorlarının müdirlərinin 2024-2025-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxışları dinlənilib.
Şagirdlərin bilik və bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, olimpiada və müsabiqələrdə buraxılış və qəbul imtahanlarında şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, ötən tədris ilinin nəticələri təhlil olunub.
Konfransda müzakirələr aparılıb, yeni tədris ilində hədəflər müəyyənləşdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.