Hər il 720 mindən çox insan intihar edir və həyatına son qoymaq üçün cəhdlərin sayı da artır. Bu faciəvi statistika ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri zərərli miflərə etiraz etmək, stiqmanı azaltmaq və mərhəmətli söhbətləri təşviq etmək üçün birgə fəaliyyətə çağırıb.
NUHÇIXAN BMT-nin məlumatına istinadla xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus hər il sentyabrın 10-da qeyd olunan Ümumdünya İntiharın Qarşısının Alınması Günündə çıxış edərək deyib ki, “itirilən hər bir həyat ailələrdə, dostlarda, həmkarlarda və bütün cəmiyyətlərdə dərin faciəli izlər buraxır”.
Bütün yaş qrupları bu faciədən təsirlənir və ÜST-nin son məlumatına görə, intiharlar qlobal miqyasda 15-29 yaşlılar arasında üçüncü əsas ölüm səbəbi olub. Bu faciə dünyanın bütün regionlarına təsir edir. 2021-ci ildə qlobal intiharların dörddə üçə yaxını aşağı və orta gəlirli ölkələrdə baş verib. Dünyada intiharların orta sayı hər 100 min nəfərə 8,9 şəxs olub. Afrikada bu rəqəm 11,5, həm Avropada, həm də Cənub-Şərqi Asiyada 10,1 təşkil edib. Qlobal miqyasda ən aşağı intihar nisbəti Şərqi Aralıq dənizi regionunda (100 min nəfərə 4.0), Qərbi Sakit Okean regionunda (100 min nəfərə 7.5) olub.
ÜST qeyd edir ki, intihar və psixi pozuntular, xüsusən depressiya və alkoqoldan ifrat istifadə nəticəsində insanların öz həyatına son qoyması faktları yüksək gəlirli ölkələrdə daha çoxdur. Bununla belə, onların bir çoxu maliyyə problemləri, şəxsi münasibət mübahisələri və ya xroniki ağrı və xəstəlik kimi həyat streslərinin öhdəsindən gəlmək qabiliyyətinin pozulması ilə böhran anlarında impulsiv şəkildə baş verir.
Bundan əlavə, münaqişə, fəlakət, zorakılıq, sui-istifadə və ya itki və təcrid hissi keçirmək intihar davranışı ilə güclü şəkildə əlaqələndirilir. Qaçqınlar və miqrantlar, yerli xalqlar, məhbuslar kimi ayrı-seçkiliyə məruz qalan həssas qruplar arasında da intihar nisbəti yüksəkdir.
ÜST-nin rəhbəri deyib: “Biz susqunluqdan açıqlığa, stiqmadan empatiyaya və etinasızlıqdan dəstəyə keçməliyik. İnsanların özlərini təhlükəsiz hiss etdikləri mühitlər yaratmalıyıq ki, dərdlərini danışa bilsinlər və kömək axtarsınlar. İntihar haqqında hekayəni dəyişdirmək həm də hökumətlərin hər kəsin ehtiyac duyduğu dəstəyi almasını təmin etmək üçün keyfiyyətli psixi sağlamlıq xidmətinə və siyasətlərə üstünlük verdiyi, həmçinin sərmayə qoyduğu sistem dəyişikliyinə təkan vermək deməkdir”.
Ümumdünya Səhiyyə Təşkilatının 2024-cü il Psixi Sağlamlıq Atlası hesabatına görə, 2017-ci ildən bəri psixi sağlamlıq üçün orta dövlət xərcləri ümumi sağlamlıq büdcələrinin cəmi 2 faizi səviyyəsində qalıb.
Üstəlik, varlı və yoxsul ölkələr arasında ciddi fərq var. Yüksək gəlirli ölkələr psixi sağlamlıq üçün adambaşına 65 dollara qədər vəsait ayırsa da, aşağı gəlirli ölkələrdə bu rəqəm cəmi 0,04 dollardır.
“ÜST psixi sağlamlığı universal insan hüququ kimi tanıyır”, -deyə hesabatın sonunda qeyd edilir.