Azərbaycanın su siyasəti strateji prinsiplərə əsaslanır və qəbul olunmuş Milli Su Strategiyası yaxın onilliklər üçün aydın hədəflər müəyyənləşdirir.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, Milli Su Strategiyası su ehtiyatlarının ədalətli və rasional idarə edilməsini, infrastrukturun müasirləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqini, alternativ və dayanıqlı su mənbələrinin inkişafını, həmçinin elm, innovasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Agentlik sədrinin sözlərinə görə, bu istiqamətdə yeni su anbarlarının tikintisi, suvarma sistemlərinin yenilənməsi, şəhər və kəndlərdə içməli su təminatının yaxşılaşdırılması üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, rəqəmsal idarəetmə platformaları vasitəsilə su balansı, sərfiyyat və itkilər real vaxt rejimində izlənir.
Z.Mikayılov bildirib ki, ənənəvi mənbələr kifayət etmədiyi üçün alternativ həllərə – yağış sularının toplanması, təkrar istifadənin təşviqi və duzsuzlaşdırma texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır.
O əlavə edib ki, Azərbaycanın transsərhəd sulara malik ölkə kimi regional əməkdaşlıqda məsuliyyətli mövqeyi var: "Biz inanırıq ki, səmərəli dialoq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan su diplomatiyası regionda sabitlik və tərəqqiyə xidmət edəcək. Qonşu ölkələrlə birgə layihələr, məlumat mübadiləsi və inteqrasiya olunmuş idarəetmə mexanizmləri bu istiqamətdə prioritetlərimizdəndir".
Z. Mikayılov həmçinin qeyd edib ki, qlobal miqyasda su böhranı artıq yeni geosiyasi faktor kimi çıxış edir və bir çox regionlarda sosial gərginliklərə, iqtisadi çətinliklərə və hətta münaqişələrə səbəb olur: "Ona görə də biz bu məsələyə dar milli çərçivədən baxa bilmərik. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, iqlim dəyişmələri ilə mübarizədə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq yolunda öz töhfəsini verir".
Agentlik sədri vurğulayıb ki, su siyasəti yalnız dövlətin deyil, bütün cəmiyyətin məsuliyyətidir: "Hər bir vətəndaş, müəssisə, hər bir təsərrüfat suya qənaət etməklə və məsuliyyətli istifadə etməklə bu liderliyin bir hissəsinə çevrilə bilər. Əminəm ki, bu konfransda aparılacaq müzakirələr yeni ideyaların və tərəfdaşlıqların formalaşmasına zəmin yaradacaq".