NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Qazançı kəndində “Azərbaycanda islami dəyərlərin yaşadılması və multikulturalizm” mövzusunda keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, multikulturalizm və dini məsələlər üzrə komissiyanın sədri Kəmalə Səfərova Azərbaycanın tarixən müxtəlif dinlərin nümayəndələrinin birlikdə sülh və qardaşlıq mühitində yaşadığı bir ölkə olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da multikultural dəyərlər yaşadılır, dini-mədəni abidələrin təmiri və bərpası, qorunması, təbliği istiqamətində mühüm işlər görülür. Bu işlər Culfa rayonunda da həyata keçirilir. Tədbirlərin davamı olaraq böyük şair və mütəfəkkir Fəzlullah Nəiminin rayonun Xanəgah kəndi yaxınlığında yerləşən türbəsi elmi və tarixi əsaslarla bərpa edilib. Buradakı məscid və ziyarətgah da əsaslı təmir olunub. İndi bu türbə və ziyarətgah rayon sakinlərinin, qonaqların və turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Rayon ərazisindəki islam mədəniyyətini özündə əks etdirən məscidlər, ziyarətgahlar və hamamların təmiri və bərpası da diqqətdə saxlanılır. Milli-mənəvi dəyərlərimizin qorunması, dini tolerantlıq, dövlət din münasibətləri inkişaf etdirilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” Sərəncam imzalayıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada dini etiqad azadlığından və multikultural mühitdən sui-istifadə halları yoxdur.
Tədbirdə Culfa rayon dini icmasının sədri Bureyri Məmmədəliyev “Gənclərə dini dəyərlərin aşılanması”, təhsil şöbəsinin müdiri Mehdixan Əliyev “Təhsil müəssisələrində multikulturalizmin təbliği” mövzularında çıxış ediblər. Bildirilib ki, müasir gənclik milli-mənəvi dəyərlərə, adət-ənənələrə sadiq qalmaq şərtilə ümumbəşəri dəyərləri və tələbləri dərk edən şəxsiyyət kimi tərbiyə olunur.
Turab Hacızadə