Naxçıvanda könüllülər üçün təşkil olunan təlim başa çatıb - FOTOLAR
Naxçıvan şəhərində Naxçıvan Təlim Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Şəxsi İnkişaf Həftəsi” sentyabrın 12-də yekunlaşıb.
NUHÇIXAN xəbər verir ki, proqramın sonuncu günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşı Aslan Səfərov gənclərə “Sosial şəbəkələr və şəxsi brend: effektiv start” mövzusunda sessiya təqdim edib. Təlimdə iştirakçılar şəxsi brendin formalaşdırılması, sosial mediada düzgün mövqe tutmağın yolları, müasir kommunikasiya imkanlarından səmərəli istifadə və rəqəmsal mühitdə effektiv fəaliyyət istiqamətləri barədə ətraflı bilgilər əldə ediblər. Sessiyada gəncləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb, müvafiq tövsiyələr verilib.
Sonda təşkilatçı qurum rəhbərlərinin iştirakı ilə gənclərlə görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov gənclərin şəxsi inkişafı istiqamətində görülən işlər barədə danışıb, gənclərin peşə və karyera imkanlarının artırılması amilinin nazirlik üçün daim aktuallıq təşkil etdiyini diqqətə çatdırıb. Nazir müavini effektivliyin artırılması baxımından Naxçıvanda və Bakıda fəaliyyət göstərən təcrübəli təlimçilərin bu işə cəlb olunduğunu, nəticədə daha bacarıqlı, işgüzar gənclərin formalaşdırılmasına güclü təkan verildiyini deyib.
Təlimlərin gənclər üçün faydalı olacağına inamını ifadə edən Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Bəhruz Nəzərov mövzu seçimi zamanı aktuallıq və faydalılıq prinsipinin əsas götürüldüyünü, o cümlədən təlimçi qismində öz sahələrində uğurlu karyerası, böyük təcrübəsi olan şəxslərə üstünlük verildiyini diqqətə çatdırıb. O, Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində bundan sonra da müxtəlif sahələri əhatə edən təlimlərin keçirilə biləcəyini vurğulayıb, gənclərə fəal və aktiv iştiraka görə təşəkkür edib.
Sonra “Gənclərin Şəxsi İnkişaf Həftəsi” təlim proqramının iştirakçılarına sertifikatlar təqdim edilib.