Naxçıvanda multikultural ənənələrə dəyər verilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının iş planına əsasən “Multikultural ənənələrin təbliğində gənclərin rolu” mövzusunda yığıncaq keçirilib.
Naxçıvan şəhərinin Tumbul kənd mərkəzində keçirilən yığıncaqda İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov bildirib ki, Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biridir. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət müasir dövrdə dövlətimizin başısı Cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün təminatlar yaradılıb, hər kəsin dini qurum və icmalarda etiqad hüququ təmin olunub.
Bildirilib ki, bu gün muxtar respublikamızda millətlərarası və dinlərarası münasibətlər sağlam zəmində qurulub. Dini dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, milli-azərbaycançılıq təfəkkürü milli-dini dəyərlərlə vəhdət təşkil edir. Dini bayramlarımız yüksək səviyyədə qeyd edilir. “Naxçıvan” Universitetində İslam dini üzrə gənc peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrlar hazırlanır.
Yığıncaqda Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin böyük məsləhətçi-eksperti Sabir Xəlilovun “Gənclərdə multikulturalizm meyillərinin formalaşması”, İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmovun “Multikulturalizmin mahiyyəti”, Came Məscidinin axundu Nəbi Salahovun “İslam dinində gənclərin yeri”, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanovun “Multikultural dəyələrin təbliğində gənclərin rolu” mövzusundakı çıxışları dinlənilib.
Sonda gəncləri maraqlandıran suallara aydınlıq gətirilib.
Əbülfəz Dünyamalıyev