Muxtar respublikanın təbii qaz xətlərində əsaslı təmir işləri aparılır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanqaz İstehsalat Birliyi tərəfindən təbii qaz istehlakçılarının fasiləsiz mavi yanacaqla təmin olunması məqsədilə qaz kəmərlərinin korroziyaya uğrayan hissələrinin dəyişdirilməsi və qaz sızmalarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatmış xətlər yeniləri ilə əvəz olunur. Görülən işlərin davamı olaraq Magistral qaz kəməri və qazpaylayıcı stansiyalarının istismarı xidmətinin Culfa laboratoriya obyektində quraşdırılmış təzyiq tənzimləyiciləri İtaliyada istehsal edilən diametri 150 millimetr olan “Refluks” tipli yeni qaz tənzimləyiciləri ilə əvəz edilib. Məqsəd yaranabiləcək təhlükəli halların qarşısının alınması və qaz itkisinin minimuma endirilməsidir.
Birlik tərəfindən Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yeraltı qaz xətləri yerüstü xətlərlə əvəz edilir. Kəndin müxtəlif küçələrində qaz boru xətlərində təmir-bərpa işləri görülür, avtomobillərin hərəkətinə maneçilik törədən qaz boru xətlərinin yerləri dəyişdirilir. Dayaqlar vurulur və mövcud dayaqlar bərkidilir. Həmçinin çürümək ehtimalı olan borularda qaynaq işləri görülür, qaz xətləri boyanır.
Hazırda Babək rayonun Hacıvar, Ordubad rayonunun Aza və Şərur rayonunun Muğanlı kəndlərində də qaz boru xətlərində təmir-bərpa işləri aparılır.
Qeyd edək ki, muxtar respublikada qazlaşdırma prosesi 2007-ci ildə tam başa çatdırılıb. Hazırda muxtar respublikanın ən ucqar sərhəd yaşayış məntəqələri belə fasiləsiz olaraq təbii qazla təmin edilir.
Mədinə Rəhimli