Bu gün – sentyabrın 15-də Sovet İttifaqı Qəhrəmanı Abbas Şahbaz oğlu Quliyevin doğum günüdür.
O, 1916-cı il sentyabrın 15-də Naxçıvan qəzasının Şəkərabad kəndində anadan olub. 1930-cu ildə ibtidai sinfi bitirdikdən sonra Bakı şəhərindəki fabrik-zavod şagirdliyi məktəbində, daha sonra isə 1936-cı ildə Pedaqoji məktəbdə təhsil alıb. Bir müddət Naxçıvan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.
II Dünya müharibəsi başlayanda Sovet Ordusuna çağırılan Abbas Quliyev 1942-ci ildə Topçular məktəbini bitirərək cəbhəyə yollanıb. Bryansk, “Mərkəz”, 1-ci Belorusiya cəbhələri, Oryol, Poltava, Donbas şəhərləri, Dnepr və Oder çayları uğrunda döyüşlərdə iştirak edib, Varşavanın azad edilməsində fərqlənib. Qvardiya kapitanı rütbəsinə qədər yüksəlib. 1945-ci ilin martında Almaniyanın Noyştetin şəhəri yaxınlığında gedən döyüşlərdə ağır yaralanıb və həmin ilin avqustunda 1-ci dərəcəli Vətən Müharibəsi əlili kimi tərxis olunub.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 21 fevral tarixli fərmanı ilə Polşada Visla çayı uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Abbas Quliyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O, həmçinin Lenin ordeni, 1-ci dərəcəli Vətən Müharibəsi, “Aleksandr Nevski”, Qırmızı Bayraq ordenləri və “Qızıl Ulduz” medalı ilə təltif edilib.
Müharibədən sonra ictimai-siyasi fəaliyyətini davam etdirən Abbas Quliyev 1945-ci ildən Naxçıvan Dövlət Dram Teatrının direktoru, 1946–1953-cü illərdə Naxçıvan MSSR Maarif nazirinin müavini, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1953-cü ildən isə Naxçıvan şəhər ZDS İK-nın sədri olub. 1956–1971-ci illərdə Naxçıvan rayon ZDS sədrinin müavini, daha sonra isə Naxçıvan rayon İcraiyyə Komitəsində şöbə müdiri vəzifələrində çalışıb.
Abbas Quliyev 1998-ci il dekabrın 30-da, 88 yaşında vəfat edib.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi