“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir”- deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında insan və vətəndаş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Hüquqlarımızın müdafiəsi isə yalnız qanunla mümkündür.
Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı isə konstitusion hüququn əsas prinsiplərindən biri hesab olunur. Bu təminat vətəndaşların hüquq və azadlıqlarının pozulması halında, bu hüquqların müstəqil məhkəmə orqanları vasitəsilə bərpa olunmasını nəzərdə tutur və insan hüquqlarının qorunmasının ən mühüm mexanizmlərindən biri sayılır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də qeyd olunur ki, “Hər bir insan, Konstitusiya və ya qanunla ona verilən əsas hüquqlarının pozulması hallarında səlahiyyətli məhkəmələr tərəfindən bu hüquqlarının səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir. Hər bir şəxs, hüquqlarının pozulduğunu hesab edərsə, məhkəməyə müraciət etmək hüququna malikdir. Hüquqlarımızı müdafiə etmək üçün isə öncə onları tanımalı və ehtiyac olduqda isə qanuni müdafiə yollarından istifadə etməliyik. İnzibati və məhkmə təminatı isə bizim üçün bu yolda hüquqi qalxandır. İnzibati təminat isə vətəndaşların hüquq və azadlıqlarının icra hakimiyyəti orqanlarının tərəfindən qorunması və müdafiə olunmasıdır.
Bəli, beynəlxalq sənədlərin məhkəmə təminatı ilə bağlı müddəası Konstitusiyamızda öz əksini tapmışdır. Belə bir müddəanın Konstitusiyada təsbit olunması ilə vətəndaşların qanunvericilikdə təsbit olunmuş bütün hüquq və azadlıqlarının məhkəmə müdafiəsi altında olduğuna yüksək təminat verir. Ölkəmizdə hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.
Həmçinin Konstitusiyada qeyd olunur ki, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiyada göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. Konstitusiya Məhkəməsinə belə bir səlahiyyətin verilməsi vətəndaşların Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarının qorunmasına xüsusi təminat verir. Hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı odur ki, hər bir şəxs hüquqlarının pozulması halında müstəqil surətdə məhkəməyə müraciət edə və qanuni yolla müdafiə ala bilir. Heç bir orqan və ya şəxs məhkəməyə müraciət hüququnu məhdudlaşdıra bilməz. Konstitusiyamız hər bir şəxsin məhkəməyə müraciət azadlığını da təmin etmişdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq."
Məlumdur ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ onun konstitusion hüququdur. Bu hüququn təmin edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş öhdəliklərdən irəli gəlir. Belə ki, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda qeyd olunur ki, hazırkı Paktda iştirak edən hər bir dövlət istənilən şəxsin hazırkı Paktda qəbul edilən hüquq və azadlıqları pozulduğu təqdirdə, hətta əgər bu pozuntu rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədilmiş olsa belə, onu səmərəli müdafiə vasitələri ilə təmin etməli, hüquqi müdafiə tələb edən istənilən şəxsin belə müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati və qanunverici hakimiyyət orqanları tərəfindən və yaxud dövlətin hüquq sistemində nəzərdə tutulan digər səlahiyyətli orqan tərəfindən müəyyən edilməsini təmin etməyi və məhkəmə müdafiəsi imkanlarını inkişaf etdirməli, hüquqi müdafiə vasitələri təqdim edildiyi təqdirdə, səlahiyyətli hakimiyyət orqanları tərəfindən onların tətbiq edilməsini təmin etməlidir. Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Sözügedən yüksək keyfiyyətli hüquqi yardımın peşəkar formada göstərilməsi vəzifəsi isə vəkillik institutunun üzərinə düşür. Hüquqi yardım anlayışı sadəcə məhkəmə prosesində müdafiə ilə məhdudlaşmır. Bu vətəndaşın hər hansı bir hüquqi məsələdə düzgün məsləhət alması, maraqlarını qoruya bilməsi və qanun qarşısında bərabər imkanlara malik olması deməkdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda da nəzərdə tutulduğu kimi, vəkillik fəaliyyəti şəxslərin irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq həyata keçirilir.
İnsan hüquq və azadlıqlarının müdafiəsini vəkillik institutu olmadan təsəvvür etmək mümkün deyil. Ulu Öndər Heydər Əliyev deyirdi: “Hüquqi dövlət qurmaq üçün müstəqil məhkəmə sistemi və vəkillik fəaliyyəti mühüm şərtdir. Vəkillik vətəndaşın məhkəmədə səsini eşitdirən, onun hüquqlarını müdafiə edən əsas vasitədir.” Bəli, vəkillərin işi cəmiyyətimizdə ədalətin bərqərar olması üçün vacibdir. Onlar yalnız mübahisələri həll edən deyil, həm də insanlara hüquqlarını izah edən, onları maarifləndirən bir missiya daşıyırlar. Çünki, “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”.
Əvvəllər dövlət hesabına hüquqi yardım mexanizmi yalnız cinayət mühakimə icraatında tətbiq olunurdu. Lakin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericliyinə edilmiş əlavə və dəyişikliklərə əsasən artıq bəzi kateqoriyadan olan şəxslər də dövlət hesabına hüquqi yardımla təmin edilib. Həmçinin, cinayət-prosesual qanunvericlikdə hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaradılır. İnzibati xəta törətmiş şəxslərin də maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. O cümlədən, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
Konstitusiyamız məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol vermir. Məhkəmə aidiyyəti isə hər hansı bir işə konkret olaraq hansı məhkəmənin baxmalı olduğunu müəyyən edən prosessual norma və məhkəmənin səlahiyyət dairəsinə daxil olan işlərin məcmusudur. Buraya ərazi üzrə, predmet üzrə və şəxsi aidiyyət aiddir. Məhkəmə aidiyyətinin dəyişməzliyi məhkəmələr arasındakı münasibətlərin sabitliyində mühüm rol oynayır. Aidiyyət qaydaları pozularsa, qanunçuluq və hüquqi sabitlik pozula bilər. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Konstitusiyanın bu norması özündə iki əsas tələbi əks etdirir ki, bunlara məhkəmə aidiyyətinin qanunla müəyyən edilməsi və şəxsin razılığı olmadan məhkəmələr öz istədikləri kimi məhkəmə aidiyyətinin dəyişdirilməməsidir. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək: “Biz hamımız nizam-intizama tabe olmalıyıq, Biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riyaət etməliyik, qanunun aliliyini təmin etməliyik.” Bu prinsip onu göstərir ki, heç bir iş xüsusi maraqlara görə başqa məhkəməyə ötürülə bilməz. Çünki, qanun hər kəs üçün eynidir.
“Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.”- deyən Ulu Öndərin müəllifi olduğu Konstitusiyada qeyd olunur ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası cinayət prosesinin əsasını təşkil edir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də qeyd olunur ki, cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə araşdırması yolu ilə onun günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir. Heç kim, törədildiyi zaman milli qanunlara və ya beynəlxalq hüquqa görə cinayət tərkibi daşımayan hər hansı bir əməl və ya fəaliyyətsizlik əsasında cinayət törətməkdə ittiham oluna bilməz. Habelə, cinayətin törədildiyi zaman tətbiq edilə bilən cəzadan ağır cəza verilə bilməz.
Təqsirsizlik prezumpsiyası prinsipi öz ifadəsini “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvesiyasında da tapmışdır. Konvensiyada qeyd olunur ki, cinayət törətməkdə ittiham olunan hər bir şəxs təqsirliliyi qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur.
Bu bəşəri dəyərlər əsasında formalaşan Konstitusiyamızda həmçinin qeyd edilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Təqsirsizlik prezumpsiyası hər bir dövlətin ədalət mühakiməsinin əsasını təşkil edir. Ulu Öndərin də qeyd etdiyi kimi: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.”
“Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz” – prinsipi Konstitusiyamızda təsbit olunmuş hər bir şəxsin hüquq və azadlıqlarının məhkəmə təminatında xüsusi yer tutur. Bu hüquq ölkəmizin tərəfdar çıxdığı “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxlaq Paktda da təsbit olunub. Belə ki, heç kəs hər hansı bir ölkənin qanununa cinayət-prosessual hüququna müfaviq olaraq artıq qəti sürətdə məhkum olunduğu, yaxud bəraət qazandığı bir cinayətə görə ikinci dəfə mühakimə edilməməli, yaxud cəzalandırılmamalıdır. Beynəlxalq Paktda qeyd olunan bu maddə hamı tərəfindən tanınmış bir prinsipi “non bis in idem” (eyni bir şeydən ötrü ikinci dəfə cavabdehliyə cəlb etməməli) ifadə edir. Bu prinsip həmçinin ölkəmizin cinayət-prossaul qanunvericiliyində də öz əksini tapmışdır.
Konstitusiyaya əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu müddəada yalnız cinayət mühakimə icraatından bəhs edilsə də, təkrar müraciət etmək hüququ cinayət, mülki, inzibati və sairə icraat növlərində də mövcuddur. Məhkum edilmiş şəxslərin müraciəti əsasında onun barəsində çıxarılan hökmün yuxarı məhkəmə tərəfindən baxılması məhkəmə səhvlərinin aşkar edilməsinə və düzəldilməsinə təminat verir. Ulu Öndərin də qeyd etdiyi kimi: Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.” Ölkəmizdə ədalət mühakiməsi isə təqsirsizlik prezumpsiyasına əsaslanır.
Dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Bəli, bu ümümbəşəri dəyərlər içərsində elə dəyərlər var ki, əsrlər boyu hüquq sisteminin mərəkəzində dayanıb. Bunlardan biri də Konstitusiyamızada təsbit olunmuş qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsidir. Belə ki, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Bu yüz illlərlə dəyişməyən ailə bağlarına aiddir. Həyatda hər bir insan çətin seçim qarşısında qala bildiyi bir zamanda belə Əsas Qanununumuz ailə dəyərlərini hər şeydən üstün tutur. Özünün və yaxın qohumlarının əleyhinə ifadə vermə sərbəstliyi ailədə mənəvi dəyərlərin qorunub saxlanmasına və möhkəmlənməsinə yönələn mühüm hüquqi təminatdır. Bu hüquq sadəcə bir maddə deyil, qanunla vicdanın toqquşmadığı bir nöqtə, insanla onun vətəndaşı olduğu dövlət arasında bir etimad, hüququn insani simasıdır. Yaxın qohumlara qarşı ifadə verməmək hüququ susmaq haqqı yox, səssiz vicdanın hüquq qarşısında tanınmasıdır. Yaxın qohumlara qarşı ifadə verməmək azadlığı isə sadəcə bir hüquqi seçim deyil, əxlaqi və insani bir seçimdir ki, qanunvericliyimiz insanları belə seçim qarşısında qoymur. Ailəni və ailə institutunu hər şeydən üstün tutur. Çünki, biz 1937-ci illərin repressiyalarında bunun acı nəticələrinin şahidi olmuşuq. Bu maddənin hüquqi dəyərinin əsasını hər şeydən əvvəl, onun əxlaqi tərəfləri təşkil edir.
Konsitusiyamız hər bir şəxsin, o cümlədən tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının yüksək səviyyədə, ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin də tələbləri əsasında təmin edir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda göstərilir ki, hər kəsin ona qarşı irəli sürülən ittihamın xarakteri və əsası ilə təcili qaydada və onun başa düşdüyü dildə ətraflı xəbərdar edilmək hüququ vardır. Əsas Qanunumuzda isə qeyd olunur ki, səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Əslində, hüquq və azadlıqların məhkəmə təminatı sadəcə hüquqi mexanizm deyil, həm də vətəndaşın dövlətə olan inamının göstəricisidir. Ədalətli məhkəmə sistemi vətəndaş-dövlət münasibətlərində ədalətin, etimadın və sabitliyin təminatıdır. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir.”
Ölkəmizin də qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir dövlətin üzərinə öz vətəndaşını təsirli hüquqi müdafiə vasitələri ilə təmin etmək öhdəliyi qoyulmuşdur. Konstitusiyamıza əsasən isə hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranış hüququ vardır. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.
Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Dövlət orqanları yalnız Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Bəli, yuxarıda sadalanan müddəalar göstərir ki, Konstitusiyamız insan və vətəndaş hüquq və azadlıqlarına yüksək təminat verir.
Çağdaş dünyamızda insan və vətəndaş hüquq və azadlıqlarının qorunması hər bir dövlət üçün əsas prioritetlərdəndir. Bu müdafiənin ən mühüm mexanizmi isə məhkəmə təminatıdır. Ölkəmizdə hüquqi dövlət quruculuğu prosesi məhz insan hüquqlarının təminatı və vətəndaşların ədalət mühakiməsinə çıxışı imkanlarının genişləndirilməsi üzərində qurulmuşdur. Bundan əlavə, Azərbaycanın bir sıra beynəlxalq hüquqi mexanizmlərə qoşulması da vətəndaşların hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunlar isə insan hüquq və azadlıqlarının qorunmasına ən yüksək səviyyədə yanaşmanı göstərir. Konstitusiyamızın müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin də dediyi kimi: “Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir.”
Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,
baş ədliyyə müşaviri
Prokurorluğun fəxri işçisi