Azərbaycan antiterror əməliyyatı ilə geosiyasi reallıqları yenidən yazdı

A- A A+

Azərbaycan Respublikasının 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi antiterror əməliyyatı müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenlik hüquqlarının təmin edilməsi və beynəlxalq hüququn aliliyinin təsdiqi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu əməliyyat yalnız hərbi aspektdə deyil, siyasi, hüquqi, sosial-psixoloji və regional müstəvidə də çoxşaxəli nəticələr doğurdu. Əslində, Azərbaycanın uzun illər boyu apardığı diplomatik fəaliyyətin və hərbi-siyasi strategiyasının məntiqi yekunu kimi səciyyələndirilən əməliyyat dövlətin müstəqil siyasət yürütmək əzminin və milli maraqları qorumaq qətiyyətinin bariz nümunəsi oldu.

Əvvəla, antiterror əməliyyatı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi idi. Ermənistanın dəstəyi ilə Qarabağda fəaliyyət göstərən separatçı rejim heç bir legitimlik daşımırdı və beynəlxalq ictimaiyyət tərəfindən tanınmırdı. Buna baxmayaraq, uzun illər ərzində bu qurum bölgədə qeyri-sabitlik ocağı kimi mövcudluğunu davam etdirmiş, regionun təhlükəsizlik arxitekturasına təhdid yaratmışdı. 2020-ci ilin 44 günlük müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini bərpa etsə də, Qarabağda qalan qanunsuz silahlı dəstələrin fəaliyyəti həm dövlətin suveren hüquqlarını məhdudlaşdırır, həm də beynəlxalq hüququn pozulmasına şərait yaradırdı. Bu mənada 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını tam bərpa etdi və beynəlxalq hüququn fundamental prinsiplərinin – ərazi bütövlüyü və dövlətlərin suverenliyi prinsipinin praktik reallaşmasına imkan yaratdı.

Əməliyyatın hərbi aspektinə nəzər saldıqda, onun planlaşdırılmasının və icrasının yüksək səviyyəsi diqqət çəkir. Bir sutkadan az müddətdə həyata keçirilən hərbi tədbir minimal itkilərlə başa çatdı. Bu, bir tərəfdən Azərbaycan Ordusunun müasir texnologiyalar əsasında formalaşmış çevik və peşəkar hərbi qüvvə olduğunu nümayiş etdirdi, digər tərəfdən isə dövlətin strateji planlaşdırma qabiliyyətinin güclü olduğunu sübut etdi. Hərbi əməliyyatın sürətli nəticələnməsi siyasi müstəvidə də əhəmiyyətli siqnal verdi: Azərbaycan milli təhlükəsizlik və suverenlik məsələlərində kompromisə getməyəcəyini, güc amilindən istifadənin isə beynəlxalq hüquqa söykənən legitim çərçivədə mümkün olduğunu nümayiş etdirdi.

Əməliyyatın siyasi nəticələri daha geniş müstəvidə dəyərləndirilə bilər. Azərbaycan beynəlxalq aləmə göstərdi ki, regionda davamlı sülh yalnız real vəziyyətin, yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması və separatizmin ləğvi əsasında mümkün ola bilər. Bu yanaşma beynəlxalq münasibətlər sistemində balansın qorunmasında güc amilinin və diplomatiyanın qarşılıqlı tamamlayıcı mexanizmlər kimi fəaliyyət göstərdiyini təsdiq etdi. Əməliyyatla Azərbaycan eyni zamanda beynəlxalq aktorlara açıq mesaj verdi: ölkə öz milli maraqlarını qorumaqda qətiyyətlidir və bu istiqamətdə heç bir təzyiq qarşısında geri çəkilməyəcək.

Sosial və psixoloji aspektdən isə əməliyyat milli dövlətçilik tarixində dönüş nöqtəsi oldu. On illərdir işğal və separatizm siyasətindən əziyyət çəkən Azərbaycan xalqı üçün bu hadisə yalnız hərbi qələbə deyil, həm də milli qürur və tarixi ədalətin bərpası simvolu idi. Eyni zamanda suverenliyin tam bərpasını özündə ehtiva edən bu tarixi zəfər həm də dövlətçilik, hüquqi legitimlik və regional geosiyasət baxımından yeni mərhələ açdı. Xalq və dövlətin birliyi, siyasi rəhbərliyin qətiyyətli mövqeyi cəmiyyətin milli identitetini gücləndirdi, həmçinin Azərbaycan vətəndaşlarının dövlətə inamını daha da möhkəmləndirdi. Bu fakt göstərir ki, antiterror əməliyyatı yalnız siyasi və hərbi müstəvidə deyil, həm də milli-mənəvi baxımdan strateji əhəmiyyətə malikdir.

Regional kontekstdə əməliyyat Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Ermənistanın uzun illər maksimalist mövqedən çıxış etməsi, separatçı qurumu dəstəkləməsi sonda nəticəsiz qaldı. Əksinə, Azərbaycan əməliyyatdan sonra regionda iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya xətlərinin açılması və yeni təhlükəsizlik arxitekturasının qurulması üçün daha əlverişli mövqe qazandı. Bu mənada antiterror əməliyyatı regional inteqrasiya proseslərinin siyasi bazasını yaratdı.

Beynəlxalq müstəvidə əməliyyat bir sıra güc mərkəzlərinin mövqeyinə təsir göstərdi. Azərbaycanın legitim əsaslarla həyata keçirdiyi bu addım bəzi dairələrin təzyiq cəhdlərinə baxmayaraq, beynəlxalq hüququn yanında olduğunu nümayiş etdirdi. Əksər beynəlxalq aktorlar hadisəni Azərbaycanın daxili işi kimi qiymətləndirdi. Bu fakt Azərbaycanın diplomatik imkanlarını genişləndirdi və müstəqil siyasət yürütmək əzmini bir daha təsdiqlədi.

Nəticə etibarilə, 2023-cü ilin sentyabr antiterror əməliyyatı Azərbaycanın müasir dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu əməliyyat bir daha göstərdi ki, milli iradə, siyasi qətiyyət və müasir hərbi güc birləşdikdə ölkənin strateji məqsədləri reallığa çevrilə bilər. Əməliyyat həm beynəlxalq hüququn prinsiplərinin praktik təsdiqi, həm də regional siyasətdə yeni reallıqların yaradılması baxımından fundamental əhəmiyyət kəsb edir. İldönümü qeyd olunan bu hadisəni yalnız qələbə kimi deyil, həm də Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli iradəsinin və beynəlxalq hüquqa sadiqliyinin təntənəsi kimi dəyərləndirmək mümkündür.

Emin ŞIXƏLİYEV

Naxçıvan MR Ali Məclisinin deputatı,

tarix elmləri doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: