Tarixi antiterror əməliyyatı

A- A A+

Əməliyyatın keçirilməsinə aparan səbəblər, hüquqi, hərbi-strateji və geosiyasi aspektlər

Azərbaycanın Qarabağ bölgəsindən Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərkisilah edilərək çıxarılması, törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi üçün 2023-cü il sentyabrın 19-da antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş bu tarixi əməliyyatla rəşadətli Ordumuz qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib və Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.

 Əməliyyatın keçirilməsinə aparan səbəblər

“Üçtərəfli Bəyanat”dan sonra Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri hələ də qalmaqda idi və Ermənistan tərəfi qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə bağlı hər hansı tədbir görmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən mütəşəkkil şəkildə davam etdirilir, Qarabağa hərbi sursat, hərbi təchizat və silah daşınması davam edirdi. Eyni zamanda qanunsuz silahlı dəstələr tərəfindən Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılırdı. Gün keçdikcə kəşfiyyat-diversiya qruplarının aktivliyi daha da artır, ərazi və yollar sürətlə minalanırdı. Ermənistan açıq şəkildə Azərbaycana qarşı yeni bir hərbi təcavüzə ciddi hazırlıqlar görürdü. Hadisələrin sonrakı gedişi də hazırlıqların bu istiqamətdə olduğunun sübutu idi. Belə ki, 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi.

2022-ci il mart ayının 24-25-də müharibə hazırlıqlarının və ermə¬ni revanşizminin qarşısını almaq üçün Azər¬baycan Ordusunun bölmələri Fərrux dağını tam nəzarətə götürdü. Lakin təxribatlar davam edirdi və növbəti təxribat 2022-ci ilin avqust ayında baş verdi. Bu təxribata cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin strateji əhəmiyyətə malik Sarıbaba yüksəkliyi nəzarət altına alındı.

Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş verdi. Erməni hərbi qüvvələri 2022-ci il sentyabr ayının 12-də geniş hərbi təxribata əl atmaqla Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqelə¬ri, sığınacaqları və dayaq məntəqələrini müxtə¬lif çaplı silahlardan atəşə tutdular. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyəti sırasında şəhid və yaralılar oldu, hərbi və mülki infrastruktura ziyan dəydi. Ermənistanın bu təxribatına Azərbaycan tərəfi 2022-ci il sentyabr ayının 12–14-də həyata keçirilən qətiyyətli təd¬birlərlə cavab verdi.

Ermənistan sərhəddə ard-arda təxribatlar törətməklə bərabər, eyni zamanda erməni əhalisinin Ermənistanla əlaqəsi üçün nəzərdə tutulan və humanitar məqsədlərə xidmət etməsi gözlənilən Şuşa-Laçın yolundan hərbi məqsədlərlə və Azərbaycanın mis-molibden yataqlarından çıxarılan xammalın daşınması üçün istifadə etməyə başladı. Yolun başqa məqsədlərlə istifadəsi, təbii sərvətlərimizin talan edilib Ermənistana daşınması və Azərbaycan nümayəndələrinin mədən sahələrinə baxış keçirməsinə imkan verilməməsi 2022-ci il dekabrın 12-də Azərbaycan vətən¬daş cəmiyyətinin nümayəndələrinin, ekologiya fəallarının və gənc könüllülərin Şuşa–Laçın yolunda etiraz aksiyasına başlamalarına səbəb oldu. Etirazçılar yolun humanitar məqsədlər xaricində istifadə edilməməsini tələb edirdilər. Bu aksiyalar təkcə ekoloji narahatlıqla bağlı deyil, eyni zamanda qanunsuz hərbi və iqtisadi fəaliyyətə, erməni tərəfinin “Üçtərəfli Bəyanat”ı pozması və Azərbaycanın suveren hüquqlarının pozulmasına qarşı bir reaksiya idi. Şuşa-Laçın yolunda keçirilən ekoloji etiraz aksiyaları həm daxili ictimaiyyətin diqqətini cəlb etdi, həm beynəlxalq səviyyədə ciddi rezonans doğurdu, həm də 2023-cü il aprel ayının 23-də Azərbaycanla Ermənistanı quru yolla birləşdirən Laçın yolu üzərində dövlət sərhəd-nəzarət postunun qoyulmasına ciddi təkan verdi. Laçın yolu üzərində dövlət sərhəd-nəzarət postunun qoyulması həm Azərbaycanın suveren hüquqlarının bərpası baxımından, həm də Ermənistanla münasibətlərin gələcək inkişafına təsiri baxımından olduqca əhəmiyyətli idi.

Ardınca 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu.

Bütün təxribatlara rəğmən Azərbaycan sülh çağırışları edir, müxtəlif platformalar vasitəsilə sülhün təşviqi ilə məşğul olurdu. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Bütün baş verənlərin fonunda 2019-cu ilin sentyabr ayının 19-da Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslərin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının şəhid olması və yaralanması, ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması, Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun yaralanması, həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaşın həlak olması, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi lokal xarakterli antiterror əməliyyatına başlanılmasına səbəb oldu.

Yüksək peşəkarlıqla icra olunan əməliyyat cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur etdi. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror əməliyyatı aşağıdakı şərtlərlə dayandırıldı:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

Əməliyyatın hüquqi əsasları

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, vətəndaşların təhlükəsizliyinin qorunması və konstitusiya quruluşunun müdafiəsi məqsədilə həyata keçirilən antiterror əməliyyatı həm milli, həm də beynəlxalq hüquqa əsaslanır.

Azərbaycan Respublikasının daxili qanunvericiliyi Azərbaycanın Qarabağ bölgəsində antiterror əməliyyatı aparmağına tam legitim hüquq verirdi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bu mənada əməliyyatın Konstitusiyamızda nəzərdə tutulan Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinə istiqamətlənməsi milli qanunvericiliyimizə tam uyğundur.

Eyni zamanda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələbinə görə dövlətin ali məqsədi kimi təsbit olunur. Azərbaycan dövləti bu əməliyyatla hüquq və azadlıqları pozulmuş yüzminlərlə qaçqın və məcburi köçkünün hüquqlarını bərpa etdi. Ata-baba yurdlarından uzaq düşən bu insanların mülkiyyət hüququ, mənzil toxunulmazlığı hüququ, təhlükəsiz yaşamaq hüququ kimi məhrum olduqları onlarla hüququn təmin olunması baxımından da əməliyyat daxili qanunvericiliyin tələblərinə tam uyğun idi.

Bu gün terrorizm müasir dünyanın ən ciddi təhlükələrindən biri olmaqla, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna və vətəndaşların hüquq və azadlıqlarına qarşı yönəlmiş ciddi təhdiddir. Azərbaycan Respublikası da terrorçuluğa qarşı mübarizəni milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Azərbaycan Respublikasında terroçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mühüm hüquqi baza formalaşdırılıb, mühüm normativ sənədlər qəbul edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsi, "Terrorçuluğa qarşı mübarizə haqqında", “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının Qanunuları və digər normativ hüquqi sənədlər Azərbaycanın öz ərazisində fəaliyyət göstərən qeyri-qanuni silahlı dəstələrə qarşı əməliyyat keçirməsinə tam hüquqi əsas verib.

Azərbaycan tarixi zərurət olan bu hərbi əməliyyatı keçirərkən həm də beynəlxalq hüquqa söykənib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsi (özünümüdafiə hüququ), Helsinki Yekun Aktı, Cenevre Konvensiyaları və onlara əlavə protokollar, BMT Təhlükəsizlik Şurasının qətnamələri (822, 853, 874, 884), "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiya, Avropa Şurası – Terrorizmin qarşısının alınması haqqında Konvensiya kimi beynəlxalq sənədlər lokal xarekterli antiterror tədbirlərinin ən mühüm hüquqi istinadlarıdır.

Beləliklə, Azərbaycan öz suveren ərazisində dövlətə tabe olmayan, silahlı, təşkilatlanmış, qeyri-qanuni fəaliyyətlə məşğul olan və bu fəaliyyət nəticəsində dövlət təhlükəsizliyinə, dinc əhaliyə və ictimai qaydaya təhdid yaradan qruplara qarşı daxili qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq antiterror tədbirləri keçirib.

Əməliyyatın hərbi-strateji əhəmiyyəti

2023 cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi lokal antiterror əməliyyatı hərbi strateji baxımdan müxtəlif aspektlərə malik olmaqla, Azərbaycanın regional mövqeyinə, ordusunun döyüş qabiliyyətinə və gələcək təhlükəsizlik strategiyalarına ciddi təsir göstərib.

 2023-cü ilin sentyabrında başlayan antiterror tədbirlərinin ərazinin genişliyi və qeyri-qanuni dəstə üzvlərinin 10 mindən çox olmasına baxmayaraq 24 saatdan az müddətə minumum itki ilə icra edilməsi Azərbaycan ordusunun yüksək peşəkarlıq səviyyəsinin ən mühüm göstəricisidir. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əldə etdiyi təcrübə ilə operativ planlaşdırma qabiliyyətini, peşəkar heyət hazırlığını, koordinasiya və komanda idarəetməsini, müasir silah sistemlərindən istifadə bacarığını bir daha nümayiş etdirdi.

Əməliyyat zamanı Azərbaycan pilotsuz uçuş aparatları (PUA) və kamikadze dronlar, yüksək dəqiqlikli raket sistemləri, elektron mübarizə vasitələri kimi müasir texnologiyalardan məharətlə istifadə etdi.

Silahlı qüvvələrin qısa zamanda düşmən mövqelərinə daxil olunması, əsas strateji nöqtələrin ələ keçirilməsi və mülki əhalinin qorunması bu qüvvələrin nə qədər hazırlıqlı olduğunu göstərdi.

Əməliyyat zamanı mülki şəxslərin və mülki obyektlərin təhlükəsizliyinə xüsusi önəm verilərək yalnız legitim hərbi obyektlər hədəf alınıb. Mülki şəxslərin zərər görməməsi üçün yüksək dəqiqlikli silahlardan istifadə edilmiş, əhaliyə hərbi obyektlərdən uzaq durulması ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş, beynəlxalq humanitar hüquqa tam əməl edilmişdir.

Əməliyyatın lokal xarakteri, sürətli gedişi və müəyyən coğrafi çərçivədə məhdudlaşdırılması Azərbaycan Ordusunun strateji təmkinini və hərbi planlaşdırmadakı dəqiqliyini göstərdi və gələcək münaqişələrdə Azərbaycanın asimmetrik və hibrid müharibə şəraitində üstünlüyünü təmin edəcək ciddi təcrübə oldu.

Antiterror əməliyyatı Azərbaycanın hərbi planlaşdırma, texnoloji imkanlar, milli təhlükəsizlik strategiyası və regional nüfuzu baxımından dönüş nöqtəsi oldu.

Geosiyasi proseslərə təsiri

Əməliyyat və onun nəticələri yalnız hərbi və təhlükəsizlik aspektində deyil, həm də diplomatik münasibətlər, enerji təhlükəsizliyi, beynəlxalq hüquq, regional və daha geniş geosiyasi məkanda güc balansı baxımından əhəmiyyətlidir.

Antiterror əməliyyatının ən mühüm geosiyasi təsiri onun regionda güc balansını tamamilə dəyişməsidir. Azərbaycanın uğurlu hərbi əməliyyatları bölgədəki status-kvonu dəyişdirdi, Ermənistanın mövqeyi zəiflədi, bu isə onun Rusiyaya və Qərbə münasibətlərini yenidən nəzərdən keçirməsinə səbəb oldu. Azərbaycanın hərbi və siyasi mövqeyi gücləndi, bu isə onu regionda əsas oyunçulardan birinə çevirdi. Bununla da Rusiyanın Cənubi Qafqazda mövqeləri zəiflədi və bu Rusiyanın sülhməramlı kontigentinin Qarabağdan çıxması ilə nəticələndi.

Əməliyyatdan sonra Ermənistanda geosiyasi vektor dəyişikliyi baş verdi, Rusiyadan uzaqlaşaraq Avropa İttifaqı və ABŞ ilə siyasi, iqtisadi və hərbi yaxınlaşma prosesi başladı. Ermənistanın revanşist düşüncələrdən uzaqlaşaraq sülh prosesinə konstruktiv yanaşması, sülhlə bağlı təşəbbüslərə töhvə verməyə başlaması, Ermənistanın sülh masasına gətirilməsi baxımından da əməliyyatın tarixi əhəmiyyəti əvəzsizdir.

Azərbaycanın tam olaraq suverenliyini bərpa etməsi böyük qayıdışı, Qarabağın bərpası və reinteqrasiya məsələlərini sürətləndirdi, Qarabağda silahlı münaqişəyə son qoydu, Zəngəzur dəhlizinin perspektivi daha da artdı, Orta Dəhliz Çin-Türkiyə-Avropa xətti üçün təhlükəsizlik təhdidləri aradan qalxdı, Azərbaycanın enerji ehtiyatları Avropa üçün alternativ mənbə kimi daha da önə çıxdı.

Artıq Azərbaycan Avropa və Asiyanın kəsişdiyi mühüm coğrafi məkanda logistik, enerji və geosiyasi mərkəz kimi regionda sülhün təşviqi, təhlükəsizlik məsələlərində üzərinə ciddi qarantorluq öhdəlikləri götürərək regional gücdən qlobal gücə transformasiya olunacağının mesajını bütün dünyaya verir. Çünki atiterror əməliyyatı Cənubi Qafqazda köhnə geosiyasi reallıqları dəyişdirdi, yeni bir regional düzən formalaşdırdı, Azərbaycanın hərbi uğurları onun siyasi çəkisini artırdı, Türkiyənin bölgəyə qayıdışı isə balansı dəyişdi. Rusiya, İran və Qərb dövlətləri bu dəyişikliklərə uyğun olaraq yeni mövqe tutmaq məcburiyyətində qaldı.

Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün yaratdığı reallıqlara uyğun siyasi xətlə geosiyasi proseslərin mərkəzində olmaqla bərabər qlobal güc olma iddiası ilə baş verən proseslərin ən önəmli oyunçularından biridir.

Əjdər ƏLİYEV

Naxçıvan MR Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: