Qarabağ Zəfərindən sonra hər bir vətənsevər kimi mənim də qəlbimdə doğulmuş günəş öz şüaları ilə ürəyimi isidirdi. Gecə qaranlığa qərq olub, ay-ulduzlarla ətrafa hakim olarkən belə qəlbimdəki o günəş heç batmırdı. Mənim üçün günəşin hər bir şəfəqi şəhidlərin son nəfəsinin izidir. Elə buna görə də o heç kəsi yandırmadan hər qəlbə süzülür, sanki məlhəm kimi ruhu ovundurur.
Vətən müharibəsinin zəfər simvolu olan Şuşa şəhərinə getmək istəyim, oranı görmək həyəcanım bir an belə olsun bitmirdi qəlbimdə. Lakin hər dəfə bu istək baş qaldırdıqca özümə təskinlik verir və deyirdim: “İndi yox, indi yox”. Getmək üçün ürəyim uçunurdu. Mənim üçün şəhid demək torpaq deməkdir. Ona görə də düşünürdüm ki, onların qoxusu torpağın hər qarışında gizlidir.
Nəhayət, qərar verdim ki, qürurla Şuşaya yol alım. Gecə çıxacağım tura gecikməyim deyə bir neçə saat əvvəldən avtovağzala yetişib gözləməyi qərara almışdım. İçimdə elə böyük bir həyəcan və təlaş vardı ki, bu yaşıma qədər heç zaman bu cür hiss etməmişdim. Yolboyu ya gözlərim dolur, ya da hıçqırıqla ağlayırdım. Düşünürəm ki, hər ölkənin bir qibləsi olsa idi, bizim qibləmiz mütləq Şuşa olardı. Mən də bu yola öz qibləm üçün, Şuşa üçün çıxmışdım.
Yolumuz vaxtilə dağıdılmış, viran qalmış Ağdamdan, qırmızı hərflərlə yazılmış Xocalıdan, həsrətində olduğumuz Xankəndidən, gün üzünə həsrət Əsgərandan, uca dağları, gözəl mənzərəsi ilə Laçından keçdi və nəhayət, qibləmiz, qürurumuz, qəlbimizin tacı olan Şuşaya çatdı.
Əziz Şuşa, mən səni elə bu cür təsəvvür edirdim. Yaxından sən daha möhtəşəm, daha cəlallı, daha ecazkarsan. Hər daşının altında bir tarix yatır, hər qayanda bir igidin səsi, hər divarında bir nəfəs gizlənib. Qədim qala divarların, min illərin şahidi olan küçələrin, sıldırım qayaların gözoxşayan bir ehtişamla ucalır. İnsan gözünü çəkə bilmir bu mənzərədən. Amma mənim gördüyüm ən dərin mənzərə nə qalanın ucalığı, nə də küçələrin səssizliyi idi. Mənim üçün sən günü-gündən böyüyən, gözəlləşən bir pıçıltı idin.
Qarşında dayandığım an hiss etdim ki, sən nəfəs alırsan. Daşlarına, divarlarına toxunduqca sanki canlı olan bir varlığın qəlbinə əl uzadırdım. O divarların dərin çatları vardı, insan yarası kimi. Hər toxunuşumda həmin ağrını duyurdum. İçimdə hıçqırıq boğazıma düyünlənib yanaqlarımdan süzülürdü. Sən isə sakit, amma hər daşında qanlı xatirələri gizlədirdin. Küçələrində güllə izləri, divarlarında nifrətin qara ləkələri qalmışdı. Sənin susqunluğun illərin zülmündən, barbarlığından idi. Amma sən yıxılmadın. Çünki yaralarını şəhidlərin qanı sağaltdı.
O an qəlbim göynədi. Mənə elə gəldi ki, sənin hər dağıdılmış daşında bir ananın fəryadı, hər qırıq izində bir igidin “Vətən sağ olsun!” nidası yaşayır. Sən məni ağrılarınla sınağa çəkirdin, amma eyni zamanda güc verirdin. Çünki sən nəinki dağıdılmış bir qala idin, sən həm mərhəmətin, həm də səbrin timsalı idin. Qucağında qoruyanı da, canını verəni də eyni səxavətlə qarşılamısan.
İllərlə həsrət çəkmisən. Oğullarının qayıdışını, minarələrindən azan səsini, Vaqifə pənah olan misralarının səsləndiriləcəyini həsrətlə gözləmisən. Həsrətlə dayanıb susmusan, amma sınmamısan. Və nəhayət, gün gəlib. İgidlər qartal kimi qayaları aşaraq qoynuna daxil olanda sənin damarlarına şəhidlərin qanı axmağa başladı. Sən dirildin.
İndi divarlarına sarıldıqca gözlərim dolur. Bu gün sənin qoynunda poeziya günləri keçirilir. Vaqifin misraları yenə səslənir, tarın səsi dağlarına yayılır. Sən artıq yalnız kədərin deyil, həm də qürurun məkanısan. Sən şəhidlərin qanı ilə dirilmiş, igidlərin ayaq səsləri ilə oyadılmış müqəddəs yurdsan. Mən başımı aşağı salıb pıçıldayıram: biz səni xilas etməyə gələn oğullarımızın, şəhidlərimizin sayəsində qovuşduq. Biz onlara borcluyuq. Onların qəhrəmanlığı sayəsində ayaqdayıq.
Və sənin hər daşından cavab gəlir: “Qoy bu qələbə heç vaxt unudulmasın. Qoy şəhidlərin ruhu hər qayamda, hər daşımda əbədi yaşasın”.
Taliyə ABDULLAYEVA
“Şərq qapısı” qəzetinin əməkdaşı