“NUHÇIXAN”-a yazırlar: Vətəndaş gileyi - YENİLƏNİB

A- A A+

Şahbuz rayon Kükü  kənd  sakini Vüsal Rzayev “Nuhçıxan” informasiya agentliyinin elektron ünvanına məktubla müraciət edərək əkinçilik və maldarlıqla məşğul olduğunu, lakin yerli icra orqanlarının ona lazımi dəstək göstərmədiyindən gileylənib.

Həmin məktubla əlaqədar Kükü kənd inzibati ərazi üzrə nümayəndə Fariz Göyüşov açıqlama verib. “Nuhçıxan” həmin rəsmi yazılı açıqlamanı təqdim edir:“Kənd sakini Vüsal Rzayev Kükü kənd bələdiyyəsi ilə 2017-ci ilin iyun ayında  bağladığı 11 aylıq icarə müqaviləsinə əsasən dağlıq ərazidə yerləşən “Götürgə” massivində 6 hektar taxıl əkini  aparıb.  2018-ci ilin may ayında müqavilə müddətinin bitməsinə baxmayaraq avqust ayında məhsulunu yığmasına icazə verilib. Məhsulunu yığa bilməsi üçün İcra başçısının göstərişi ilə ağır texnikanın köməyi ilə xeyli yanacaq sərf olunaraq dağ yolu genişləndirilərək çətinliklə kombaynın əraziyə qalxması təmin edilib. İcra başçısı əkin sahəsində Vüsal Rzayevlə görüşüb, çətinlikləri ona izah edib  və kombayn biçininə ehtiyac olmayan digər əkinləri (kartof, xaşa, noxud və lobya) aparmasını tövsiyyə edib.

Lakin Vüsal Rzayev razılaşsa da sonradan özbaşına növbəti  dəfə  bələdiyyə  ilə müqavilə bağlamadan həmin ərazidə şum aparmış və yenə də taxıl əkəcəyini bildirərək, bələdiyyə torpağından qanunsuz istifadə etməyə çalışıb.  Vətəndaşın əlilliyi nəzərə alınaraq yol verdiyi özbaşınalığa görə -bələdiyyə mülkiyyətində olan sahədə qanunsuz şum apardığı üçün heç bir inzibati və cinayət məsuliyyətinə cəlb edilməyib.

Görünür, Vüsal Rzayevin məsələni ictimailəşdirməkdə məqsədi ona göstərilən köməkliklərə və edilən güzəştlərə baxmayaraq əsassız iddialarla çıxış edərək vətəndaşlara göstərilən dövlət qayğısına xələl gətirməkdir”.

Qeyd edək ki, Vüsal Razyev öz məktubunda yazmışdı:

“Salam, mən Şahbuz rayon Kükü  kənd  sakini Rzayev Vüsal Möhubbət oğlu. 1979-cu ildə  anadan olmuşam. Ailəliyəm, iki övladım var. Gözdən əliləm. Keçən il kəndimizdə icarəyə götürdüyüm 6 hektar sahədə taxıl əkmişdim. Həmin sahədən 11 ton buğda götürdüm. Əkin sahəsi kəndin yaşayış ərazisindən aralı olduğu üçün texnikanın gediş-gəlişi rahat deyildi. Bir neçə  yerə ərizə ilə müraciət etdim. Sonunda yolu hamarlayıb düzəltdilər. Kombayn çox rahat gəlib biçdi. 3 ildi həmin əraziyə icarə haqqı ödəyirəm, ancaq 1 il əkin edə bilmişəm. 2018-ci ilin payızında həmin ərazini yenə şumlatdım. İcra nümayəndəmiz dedi ki, bizlə razılaşmamış ərazini niyə şumlatmısan? Dedi ki, oranın yolu yaxşı deyil, əkmə.

Hörmətli redaksiya!

Problemim odur ki, o qədər yeri şumlatdım, pulunu verdim, torpağın icarəsini verdim. İndi əvvəl əkib yaxşı da qazanc götürdüyüm yerin gediş-gəliş yolu yaxşı vəziyyətdə olsa da, əkməyə icazə vermirlər. Belə məsələləri də  işıqlandırın, xahiş edirəm. Mən dəfələrlə sizin Naxçıvan televiziyasına müsahibələr vermişəm. Elə əkinimi də çəkib nümunəvi sahə kimi efirə təqdim etmisiniz. Yaxşı işlər kimi, imkan dairəsində problemləri də işıqlandırın, xahiş edirəm.

Mən əlil insanam.Amma zəhmətdən yorulmuram. İnsan bu qədər zəhmət çəkir, bax, əməyi belə puç ediləndə həyatdan soyuyur.

Allah sizdən razı olsun”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: