Seymur Qəhrəman oğlu Məmmədov 18 sentyabr 1971-ci ildə Füzuli şəhərində anadan olub. 1978-ci ildə 2 saylı orta məktəbə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək həmin il Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsinə qəbul olunmuşdur. Eyni zamanda, Füzuli şəhər rabitə şöbəsində işləyirdi.
1991-ci ildə hərbi xidmətə çağırılan Seymur Məmmədov, əvvəlcə Rusiya Federasiyasının Vladimir vilayətində artilleriya üzrə 6 aylıq kurs keçmiş, daha sonra Almaniya və Ukraynanın Çerniqov şəhərində xidmətini davam etdirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq 814 saylı özünümüdafiə batalyonuna yazılmışdır.
Vətən müharibəsinin gərgin dövründə, Seymur Məmmədov bir neçə dəfə ön cəbhədə iştirak etmiş, erməni işğalçılarına qarşı gedən çətin əməliyyatlarda igidliklə döyüşmüşdür. O, onlarla azərbaycanlı əsirin azad edilməsində, 11 nəfər əsgərin mühasirədən çıxarılmasında və bir neçə kəndin düşmən işğalından azad edilməsində fəal iştirak etmişdir.
1992-ci il aprelin 1-də Məlikcan kəndi uğrunda gedən döyüşdə 15 düşmən postu darmadağın edilib, ancaq bu döyüşdə Seymur Məmmədov düşmənin snayper gülləsinə tuş gələrək şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 avqust 1992-ci il tarixli fərmanı ilə Seymur Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Milli Qəhrəmanımız Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn olunub. Füzuli şəhərindəki 2 saylı orta məktəb onun adını daşıyır.
Seymur Məmmədovun xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, onun qəhrəmanlığı gələcək nəsillərə örnək olaraq yad edilir.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi