Bu gün tanınmış kimyaçı-alim, akademik Rəfiqə Əliyevanın anadan olmasının 93-cü ildönümüdür. Görkəmli alim Azərbaycanın kimya elminin inkişafında və bu sahədə yeni nəslin yetişməsində mühüm rol oynamış, pedaqoji və elmi fəaliyyətini Azərbaycan Dövlət Universitetinə (indiki BDU) və elmi tədqiqatlara həsr etmişdir.
Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda başlayıb. Daha sonra universitetin Analitik kimya kafedrasında çalışaraq assistentdən professor və akademik səviyyəsinə qədər yüksəlib. 1970-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib. Həmin il professor elmi adını alaraq kafedranın professoru kimi fəaliyyət göstərib.
O, Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik olub. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə müxtəlif elmi-tədqiqat layihələri həyata keçirilib, kimya və ekoloji təhlükəsizlik sahəsində önəmli nəticələr əldə olunub. Onun təşəbbüsü ilə BDU-da “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyası yaradılıb və bu laboratoriyada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisələri ilə birgə elmi-texniki işlər həyata keçirilib.
Alim həmçinin bir sıra mühüm dərslik və tədris vəsaitlərinin müəllifi və tərcüməçisidir. Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları ilə birgə hazırlanan “Analitik kimyanın əsasları” və “Analitik kimyadan məsələ və suallar” kitabları onun rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə olunaraq ali məktəblərdə geniş istifadə edilib.
Rəfiqə Əliyevanın pedaqoji fəaliyyəti nəticəsində 20-dən çox elmlər doktoru və elmlər namizədi yetişib. O, uzun illər dissertasiya müdafiə şurasının sədr müavini, universitet və fakültə üzrə elmi şuraların üzvü olub. Alimin elmi və pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2009-cu ildə isə “Şöhrət” ordeninə layiq görülüb. Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva həm də Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “İlin adamı” və “İlin işgüzar qadını” elan edilmişdir.
Rəfiqə xanım Əliyeva yalnız elmi fəaliyyətlə deyil, ictimai-siyasi proseslərdə də fəal iştirak edib. O, Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri olub, Azərbaycan ziyalılığının layiqli təmsilçilərindən biri kimi tanınıb. Görkəmli dövlət xadimi Rafiq Xələfovun həyat yoldaşı, tanınmış dizayner Fəxriyyə Xələfovanın və professor Sevinc Hacıyevanın anası olan Rəfiqə Əliyeva həm də nümunəvi ailə başçısı olub.
Tələbələri və həmkarları onu yalnız elm adamı kimi deyil, həm də nəcib insan, qayğıkeş müəllim və sadə ziyalı kimi xatırlayırlar. Akademik Rəfiqə Əliyevanın əziz xatirəsi onu tanıyanların və Azərbaycan elmi ictimaiyyətinin yaddaşında daim yaşayacaq.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi