“Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı rəsm müsabiqəsinin növbəti turu keçirilib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin tərəfindən həyata keçirilən “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı müsabiqədə Naxçıvan şəhəri və muxtar respublikanın bütün rayonları üzrə məktəbliləri iştirak edirlər. Müsabiqənin mərhələsi Ordubad rayonunun ümumtəhsil məktəbləri şagirdləri arasında keçirilib və 40 şagird iştirak edib.
Qədim diyarımızın təbiəti, Naxçıvanın tarix və memarlıq abidələri, şəhər və kəndlərimizin müasir həyatını əks etdirən mövzularla bərabər, bu yurdun mərd və mübariz insanlarının əks olunduğu rəsmlər müsabiqənin əsas mövzusudur.
Müsabiqənin növbəti turu Culfa rayonunda keçirilib. Tur başlamazdan əvvəl Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli bildirib ki, Naxçıvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı rəsm müsabiqəsi muxtar respublikanın 95 illiyinə həsr edilib. Müsabiqə muxtar respublikanın ümumtəhsil məktəblərinin VI-XI sinif şagirdləri arasında keçirilir. Rəsm müsabiqəsinin keçirilməsində əsas məqsəd qədim diyarımız Naxçıvanın istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və istiqamətləndirilməsindən ibarətdir. İlk turu 18 oktyabr 2018-ci ildə keçirilən müsabiqə rayon və muxtar respublika turlarından ibarətdir. Rayon turlarında I və II yerləri tutan iştirakçılar muxtar respublika turunda iştirak etmək hüququ qazanacaqdır.
O müsabiqənin şərtləri ilə iştirakçıları tanış edib.
Sonra culfalı gənc rəssamlar öz bacarıqlarını göstəriblər. Culfa şəhərində keçirilən müsabiqədə iştirakçıların rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Culfa şəhər məktəblisi Nurcan Cəfərova I, Kırna və Yaycı kəndlərinin məktəbliləri Kamil Məmmədli və Kamal SədralıyevII, Culfa şəhəri və Milax kəndinin məktəbliləri Şənxanım Adıgözəlova və Gülay Zeynalova III yerləri tutublar. Onlar muxtar respublika turunda iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, növbəti tur Babək rayonunda keçiriləcəkdir.
Müsabiqə isə mayın 10-dək davam edəcək.
Əli Rzayev