Valideyn - övlad münasibətləri hüquqi və mənəvi müstəvidə

A- A A+

Deyirlər, qocalıq müdrikliyin sübh çağıdır. Çox təəssəüf ki, bəzən bu sübh çağı illərlə qorunan isti və doğma ocaqda yox, “Ahıllar evi”ndə açılır. Oğul çiynində son mənzilə getmək istəyən valideyn niyə bu gün “Ahıllar evi”ndə həsrətlə övlad yolu gözləyir? Bəlkə, o da nə vaxtsa öz valideynlik və ya övladlıq borcunu layiqincə yerinə yetirməyib?! Böyük filosof-həkim İbn Sina qeyd edirdi ki, valideynlərinizlə yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsin. Bəli, hər birimizə məhz, inamımıza görə pay düşür. Xoşbəxtlik də insana öz inancına görə çatır. Sözün gücü isə bizim inamımızdan çox asılıdır.

Valideynlərə qayğı göstərmək cəmiyyəti yaşadan əsas dəyərlərdən biridir. Lakin bəzən yollar nədənsə, “Uşaq evləri”ndən “Ahıllar evi”nə aparır. Axı, bizim min illərin dərinliklərindən süzülüb gələn və başqalarından fərqləndirən ailə dəyərlərimiz olub. Böyüklərə hörməti, kiçiklərə sevgini daşıyan müqəddəs ailə dəyərlərimiz... Bəlkə, buna görə Fyodor Dostoyevski yazırdı: “Cəhənnəm - insan ürəyində sevginin bitdiyi yerdir.”

“Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşmalıdır” – deyən Ulu Öndər Heydər Əliyev mənəviyyata sahibliyi xalqımızın əxlaqi və milli dəyərlərinə yiyələnməkdə görərək həqiqi vətəndaşlığı bu zəngin mənəviyyatımızın ümdə əxlaqı kimi dəyərləndirib. Əfsus ki, ağsaqqallıq institutu artıq tarixin tozlu arxivinə yola salınır. Volter isə qeyd edir ki, yaşının müdrikliyinə sahib olmayan biri, yaşının bütün fəlakətlərini yaşayır.

        Valideyn-övlad münasibətləri, ailə həyatının əsas sütunlarından biridir və uşağın psixoloji, emosional və sosial inkişafında böyük rol oynayır. Bu münasibətlər qarşılıqlı hörmət və anlayış, sevgi və qayğı üzərində qurulmalıdır. Amerikalı yazıçı Ann Brasharesin fikrincə, “Valideynlərin səni sevməyə məcbur olan yeganə insanlardır. Dünyanın geri qalanından isə bu sevgini qazanmalısan”. Böyük yazıçı Fyodor Dostoyevski isə qeyd edirdi ki, “Uşaq, dünyanın ən böyük səadətidir. Uşaqları sevən həyatı da sevər”.

Valideyn-övlad münasibətləri qanuni və ya övladlığa götürmə əsasında yaranır. Bu münasibətlər hüquqi müstəvidə Azərbaycan qanunvericiliyində həm ailə, həm də uşaq hüquqları baxımından tənzimlənir. Əsas normativ sənədlər isə ölkəmizin Konstitusiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyası, Ailə qanunvericiliyi və "Uşaq hüquqları haqqında" Qanun və digər normativ-hüquqi aktlardır.

Ölkə Konstitusiyasına əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəlib. Qanunvericiliyə və milli dəyərlərimizə əsasən hər bir valideyn uşaqların qayğısına qalmağa və onları tərbiyə etməyə borcludur. Bu borcun yerinə yetirilməməsi isə valideynlik hüquqlarından məhrumetmə ilə nəticələnir. Valideynlik hüquqlarını həyata keçirərkən isə valideynlər heç vaxt uşaqların mənəvi inkişafina, fiziki və psixi sağlamlıqlarına xələl yetirməməlidirlər.

Yuxarıda sadalananlar qanunun tələbidir. Mənəviyyatın və əxlaqın tələbi isə daha da dərindir.  Sosial şəbəkələrdə böyüyən uşaqlar və onları buna məhkum edən valideynlər bunun ağrı və acısını hər zaman çəkəcəklər.

Gəlin biz valideynlər, ilk növbədə isə atalar haqqında xalqımızın təfəkküründə formalaşan dəyərlərə nəzər salaq. Atamız bizim ilk nümunəmizdir. Atalar müəllimlərin ən vacibidir. Onlar övladlarına təkcə bilik deyil, həm də həyatda uğur qazanmağı öyrədirlər. Bəli, ata həm oğlan, həm də qız övladı üçün ilk növbədə kişilik obrazını formalaşdırır. O, övladına təkcə sözü ilə deyil, həm də əməli ilə nümunə olur. Oğlanlar böyüyəndə atası kimi kişi olmaq istəyirlər. Unutmayaq ki, uşaq üçün ata onun həyatda söykənəcəyi ən güclü və ən mühüm dayaqdır. Ancaq çox təəssüf ki, bəzən ailələrin dağılması uşaqları bu təbii arzudan məhrum edir. Valideyn olmaq isə sevgi, fədakarlıq və səbr tələb edən böyük bir məsuliyyətdir. Və bizim illərlə təfəkkürümüzdə formalaşmış düşüncəyə görə, ata çinar kimidir, meyvəsi olmasa da kölgəsi yetər. Atan səni həmişə dəstəkləyən və gücləndirən qaya kimidir. Atalar əlləri ilə deyil, ürəkləri ilə edir. Ata-ana məhəbbəti evin təməlidir. Ancaq indi bu deyimlər deyəsən, sadəcə kitablarda qalıb, bəzi atalar isə sadəcə aliment ödəməklə öz borclarını bitmiş hesab edirlər. Valideynlərin özləri öz obrazlarını övladlarının həyatında yaradırlar. K.Missin qeyd edir ki, həyat hekayəmiz bədən obrazımıza çevrilir. Bəli, kifayət qədər sevgi görməyən, təmas etməyən və ünsiyyət qurmayan uşaqların fizioloji olaraq da inkişafdan qaldığı artıq elmə də məlumdur. Yəni, uşaqların bədəni və ruhu sevildiyini və güvəndə olduğunu hiss etdikdə inkişaf edir. Yəni, onların ruhunun və bədəninin formalaşması və tənəzzülü duyğularla əlaqəlidir. Gəlin, övladlarımızı bu duyğudan məhrum etməyək.

Ailə qanunvericiliyimizə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Nikahda olmayan şəxslərdən olmuş uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Bəli, qanunvericilik bu sahədə hər bir uşağın hüququnu müdafiə edir. Bəs, nikahdan kənar doğulan uşaqların keçirdikləri mənəvi zərbələri nə əvəz edəcək?! Bu suallar isə bir insanın taleyinə də cavab axtarır.

İohann Volfqanq Höte qeyd edir ki, “Ana, ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar”. Uşaqlar isə ən çox valideynlərini təqlid edirlər. Ona görə də valideynlərin davranışları, danışıq tərzi və problemlərə yanaşması uşaqlar üçün birbaşa model rolunu oynayır. Bəzi fikir sahibləri isə qeyd edirlər ki, uşaqlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər. Cəmiyyət bu məsələdə həm irsiyyət nəzəriyyəsini, həm də mühiti qəbul edir. Bəzi valideynlər isə unudurlar ki, bu həyatda hər şeyin öz qiyməti var. Heç nəyi havayı almağa cəhd etməyin. Övladınıza xərclədiyiniz əmək və ya ömür bir gün sənin özünə xərclənəcək. Psixoloqlar qeyd edirlər ki, açıq və dürüst ünsiyyət valideyn-övlad münasibətlərinin sağlam olmasının təməlində dayanır. Uşağın fikirlərini dinləmək, suallarına cavab vermək və hisslərini ifadə etməsinə imkan yaratmaq onun emosional inkişafına müsbət təsir göstərir.

Qanunvericiliyə əsasən 18 yaşına, yəni yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Bəli, uşaqlar valideyn sevgisini hiss etdikdə özlərini güvənli və dəyərli hiss edirlər. Bu, onların özgüvəninin inkişafına və sosial münasibətlərdə daha uğurlu olmasına kömək edən başlıca amildir.

        Hər bir uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir, həmçinin valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.  Valideynlər ayrı yaşadıqda və ya müxtəlif dövlətlərdə yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

        Qanunla valideynləri ayrı yaşayan uşağın valideynləri ilə ünsiyyət hüququ vardır. Sürətli informasiyalaşma əsrində isə bəzən eyni evin içində onların bu hüququ təmin olunmur. Belə ki, normal ailə mühiti hesab olunan ailələrdə də valideyn-uşaq ünsiyyətinin zəif olması bəzi hallarda uşaqların psixoloji narahatlığı ilə büruzə verir. Təəssüflər olsun ki, ünsiyyətsizlik xroniki hal alır və gələcəkdə daha ciddi fəsadlara gətirib çıxara bilər.

Həmçinin uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır.

Qanunvericiliyə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bütün hallarda valideynlər övladlarına nəzarət etməli, lakin onları boğmamalıdırlar. Müəyyən sərbəstlik tanımaq, uşağın məsuliyyət hissini inkişaf etdirər və müstəqil düşünməyi öyrədər.

Amerikalı bir yazıçı Lisa Wingate qeyd edir ki, “Uşaqlar Tanrının bəxş etdiyi ən böyük hədiyyə, ruhları isə əllərinə verilən ən ağır məsuliyyətdir. Onlarla zaman keçir, onlarda Tanrıya inam yarat. Onların inam bəsləyəcəyi insan ol. Qocalanda etdiyin heç nə o qədər də əhəmiyyətli olmayacaq”.

        Qanunvericiliyə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər.

        Qanunvericilikdə qeyd olunur ki, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlara sərhədləri göstərmək vacibdir. Amma qaydalar aydın və məntiqli olmalı, cəzalar isə təhqiramiz yox, öyrədici xarakter daşımalıdır.

Valideyn - övlad münasibətləri dini dəyərlərimizdə də özünə xüsusi yer tutub. Qurani-Kərimdə qeyd olunur ki, “Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə!”. İslam peyğəmbəri həzrəti Məhəmməd (s.a.s) uşaqlara məhəbbət haqda belə buyurur: "Uşaqları sevin və onlarla mərhəmətlə davranın. Hər zaman onlara vədə və söz verdikdə, vədə və sözlərinizə əməl edin."

Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Çünki, bu həyatda ata ciddiyyətini, ana nəvazişini əvəz edəcək heç nə yoxdur. Unutmayaq ki, evdə ata olmayanda həmişə bir şeylər əksik olur. Atanın rəftarı övlad üçün tərbiyə məktəbidir. İnsan xarakterinin bütün tərəfləri isə uşaqlara münasibətdə ortaya çıxır.

Türk ədəbiyyatının görkəmli nümayəndəsi Namiq Kamal qeyd edirdi ki, “Tərbiyə ananın qucağında başlayır. Hər danışılan söz uşağın şəxsiyyətinə qoyulmuş bir kərpicdir”. Uşağın güvən dolu gələcəyi ata-ananın bugünkü diqqətində gizlidir. Unutmayaq ki, uşaqları bu dünyaya gətirən valideynlərin borcu onların maddi ehtiyaclarını ödəmək, böyütmək və təhsil verməkdir. Boşanma bizi bu məsuliyyətdən azad etmir. Bir ata-ana uşaqla maraqlandıqca uşaq özünü daha çox sevilən və dəyərli hesab edir. Uşaq üçün atanın səsi belə güvən deməkdir. Ata maraqlanırsa, uşaq özünü daha güvəndə hiss edir. Valideyn olmaq təkcə maddi təminat vermək deyil. Bəli, keçmişimizə daş atmayaq ki, gələcəyimiz bizi topa tutmasın. Bundan əlavə, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.

Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.

        Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.

Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər.

Valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə və uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən Ailə  Məcəlləsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.

Məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər. Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər.

        Valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Ailə qanunvericiliyinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

Psixoloqlar qeyd edirlər ki, dörd yaşından aşağı olan uşaqların yaşadıqları travmalar bədənlərində depolanır və fiziki simptomlar (ağrı, sıxılma və s.) şəklində ortaya çıxır. Uşaq böyüdükdə eyni travmaya bənzər bir vəziyyətlə qarşılaşdıqda, həmin simptomlar yenidən meydana çıxır.

Ailə insanı ən yaxşı mühafizə edən sığınacaqdır. Ailə münasibətləri, xüsusilə qan qohumluğu ailə fərdlərini bir-birinə bağlayan ən güclü vasitədir. Bununla yanaşı, dünyada geniş yayılmış təcrübələrdən biri olan himayədar ailə qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini nəzərdə tutur. Məqsəd həmin uşaqların ailə mühitində yaşamaları və inkişafına şərait yaratmaqdır. Ölkəmizdə də himayədar ailə modeli mövcuddur. Himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.

Fyodr Dostayevski qeyd edirdi ki, “Hər kəs hər kəsin qarşısında hər şeyə cavabdehdir”. Valideynlər bilməlidirlər ki, sevgi və hörmət göstərilməyən məkanda uşaq üçün də yaşamaq mümkün deyil. Uşaq, dünyanın ən böyük səadətidir. Çünki, uşaqları sevən həyatı da sevər.

Bir söz adamından eştidiyim və hər bir övladın qəlbindən keçən bu minnətdarlıq sözləri ilə fikirlərimi bitirmək istəyirəm: “Sizin öyüd və nəsihətləriniz bu gün də mənim həyat yoluma işıq tutur. Əziz Ata və anam! Siz gecəmə ay, gündüzümə günəş oldunuz. Şükürlər olsun ki, Sizin kimi özəl bir Ata və Anaya sahibəm!”

 

Faiq SƏFƏROV

                                                                                                           Naxçıvan Muxtar Respublikası

                                                                                                           Prokurorluğunun şöbə rəisi,

                                                                                              baş ədliyyə müşaviri

                                                                                                        Prokurorluğun fəxri işçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: