Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Ordubad rayonunun Baş Dizə Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova xalqımızın milli mentalitetində ailənin yerindən və dəyərindən danışıb.
Qeyd edib ki, aparılan təhlillərə görə Ordubad rayonu üzrə 17895 uşaq vardır ki, bu uşaqlardan da 157-si sağlamlıq imkanları məhdud uşaqlardır. Bu muxtar respublika üzrə sağlamlıq imkanları məhdud uşaqların 8,5 faizi deməkdir.
Ordubad rayonunun Baş Dizə kəndi üzrə isə 3 sağlamlıq imkanları məhdud uşaq var. Bu uşaqlardan 1-i anadangəlmə, 2-si isə sonradan qazanılma səbəbdən sağlamlıqlarını itiriblər.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Ordubad rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Mütəxəssislər diqqətə çatdırıblar ki, yaşamalı, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və sonrakı dövrdə də qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.