Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb.
Bu zaman əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət həyata keçirilib. Bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 23 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 12 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması müəyyən edilib. Həmçinin 11 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.