Professor İlber Ortaylı Naxçıvan Dövlət Universitetində olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 23 sentyabr tarixində tanınmış tarixçi alim, yazıçı  İlber Ortaylı Naxçıvan Dövlət Universitetində olub. Dəyərli elm xadimi İlber Ortaylı Universitetin Konservatoriyasının önündə qarşılanıb, İncəsənət fakültəsinin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.

Görüşdə Universitetin rektoru Elbrus İsayev professor İlber Ortaylını ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gün də Ümummilli Liderin  ideyalarını yaşadan dövlətçilik universitetidir. Rektor ali təhsil ocağının qardaş Türkiyə universitetləri ilə qurulan əməkdaşlıq əlaqələrindən bəhs edib, vurğulayıb ki, Türkiyənin 80 universiteti ilə birbaşa əlaqələr var və hazırda 1500-dən artıq türkiyəli tələbə təhsil alır.

Elbrus İsayev Universitetdə Konservatoriyanın yaradılmasının da məhz dahi şəxsiyyət Heydər Əliyevin imzası ilə reallaşdığını qeyd edib, bu gün İncəsənət fakültəsinin öz çoxşaxəli tədris proqramı ilə kadr hazırlığında özünəməxsus yeri olduğunu söyləyib. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının incəsənət kollektivləri sırasında Universitetin 150 nəfərlik Simfonik orkestri,  Tələbə Teatr Studiyası, “Qədim Xalq Çalğı Alətləri” Ansamblı olduğunu bildirib, vurğulayıb ki, Simfonik orkestr Azərbaycan ali məktəbləri arasında yaradılan ilk musiqi kollektividir.

Tanınmış elm xadimi İlber Ortaylı Universitetin Konservatriyası ilə yaxından tanış olub, müəllim və tələbələrlə görüşüb. Naxçıvan Dövlət Universitetinin "Orkestr alətləri və dirijorluq" kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovun dərsində iştirak edən tarixçi alim, tələbələrin ifasında dünya şöhrətli Azərbaycan musiqiçisi Müslüm Maqomayevin “Azərbaycan” mahnısını heyranlıqla dinləyib.  Professor ali təhsil ocağında görüşün yaddaqalan olduğunu qeyd edib, starteji coğrafi mövqedə yerləşən Naxçıvanda Konservatoriyası, Simfonik Orkestri  olan Naxçıvan Dövlət Universitetində mənəvi dəyərlərin qorunması və yaşadılması yönündə fəaliyyəti yüksək dəyərləndirib. Tanınmış alim İncəsənət fakültəsində Türkiyənin bir çox bölgəsindən tələbələrin təhsil aldığını və bu sayın artacağına əminliyini ifadə edib.  

Sonra Simfonik orkestrin bir qrup heyəti ilə xatirə fotosu çəkdirilib və professor İlber Ortalı Universitetin Televiziyasına xüsusi müsahibə verib.

Qeyd edək ki, tanınmış türkiyəli tarixçi-alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı İlbər Ortaylı Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə 20-23 sentyabr tarixlərində Naxçıvanda səfərdə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: