İşğaldan azad edilmiş ərazilərdə yeni milli parkların yaradılması istiqamətində işlər həyata keçirilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll olunması üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov məlumat verib.
Nazir müavini Ekoloji məsələlər üzrə İşçi qrupunun sentyabrın 24-də Laçında keçirilən iclasında bildirib ki, yeni milli park Ağdərə, Şuşa, Xocalı, Kəlbəcər, qismən də Laçın rayonlarının ərazisini əhatə etməklə, 90 min hektar ərazidə yaradılacaq. Onun sözlərinə görə, xəritə nümayəndəliklə razılaşdırılıb və layihənin 2026-cı ild başa çatdırılması nəzərdə tutulub.
O, həmçinin diqqətə çatdırıb ki, ikinci milli park IDEA İctimai Birliyi ilə birgə hazırlanmış layihə təşəbbüsü əsasında Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq. “Layihənin sənədinin razılaşdırılması üzərində işlər gedir. Bu coğrafiyada Laçın və Qubadlı Dövlət Təbiət yasaqlıqları var. 2027-2030-cu illər üçün Böyük Qayıdış üzrə 2-ci Dövlət Proqramı çərçivəsində icra olunacaq layihə üzrə Laçın və Qubadlı Dövlət Təbiət yasaqlıqlarının ərazilərində milli parkın yaradılması nəzərdə tutulur", - deyə V. Kərimov diqqətə çatdırıb.