Bu gün eyni tarixdə dünyaya göz açmış Vətənimizin fədakar qəhrəmanlarından ikisinin doğum günüdür.
İlkin Seyidov Mirnəzir oğlu 1969-cu il sentyabrın 24-də Şərur rayonunun İbadullah kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Uzaq Şərqdə – Xasan gölü ətrafında hərbi xidmətdə olub. Vətənə qayıtdıqdan sonra Naxçıvan MR Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsində xidmətə başlayıb və bölmə komandiri vəzifəsinə qədər yüksəlib. 1992-ci il mayın 19-da Ucubiz dağı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Kazımov İlham Cəbrayıl oğlu isə 1969-cu il sentyabrın 24-də Sədərək rayonunda anadan olub. 1992-ci ildə Sədərək rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, doğma Sədərək rayon qəbiristanlığında dəfn olunub.
Qanı bahasına bu torpaqları qoruyan qəhrəmanlarımızın ruhu qarşısında baş əyir, əziz xatirələrini dərin hörmətlə yad edirik. Onlar hər zaman yaddaşımızda əbədi yaşayacaqlar.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi