Sərdar Mədəd oğlu Səfərov 1960-cı ildə Kəlbəcər rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib və hərbi xidmətini Ermənistanda keçirmişdi. Ordudan tərxis olunduqdan sonra Bakıda Maşınqayırma zavodunda çalışıb. Daha sonra daxili işlər orqanlarında xidmət etmək arzusu ilə Rusiyanın Tula şəhərinə yollanıb. Burada milis nəfəri kimi nümunəvi fəaliyyəti sayəsində SSRİ Daxili İşlər Nazirliyinin Kaunas Milis Məktəbinə göndərilib və təhsilini başa vurduqdan sonra zabit kimi Tulada xidmətini davam etdirib.
Qarabağda hadisələrin qızışdığı vaxtlarda Sərdar Səfərov uzaqlarda sakit qala bilmirdi. Dəfələrlə rəhbərliyə müraciət edərək Azərbaycana dönmək istədiyini bildirib. Nəhayət, 1991-ci ildə vətənə qayıdaraq Qusar rayon Daxili İşlər Şöbəsində fəaliyyətə başlayıb. Qısa müddət sonra könüllü olaraq Qarabağa ezam edilməsini xahiş edib və onun döyüş yolları da beləliklə başlanıb.
1991-ci ilin sentyabrında Xankəndi yaxınlığında erməni silahlıları azərbaycanlı sərnişin avtobusuna hücum edirlər. Hadisədən xəbər tutan Sərdar və bir qrup azərbaycanlı dərhal köməyə gedir, hücumun qarşısı alınır. Lakin az sonra əlavə qüvvələrlə geri dönən ermənilər onlara hücum edirlər. Qeyri-bərabər döyüşdə Sərdar Səfərov yoldaşlarını xilas etməyə nail olur, özü isə son gülləsinə qədər vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Milli Qəhrəman Sərdar Səfərov doğma Kəlbəcərdə dəfn olunub. Onun adı Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq və vətənpərvərlik nümunəsi kimi daim yaşayır.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Sərdar Mədəd oğlu Səfərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi