Mədət Quliyev "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin fəxri sədri seçilib

A- A A+

Mədət Quliyev "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin (İB) fəxri sədri seçilib.

NUHÇIXAN xəbər verir ki, bu, İB-in növbəti təqdimat mərasimində açıqlanıb.

Yığıncaq dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sonra "Gənc Peşəkar Velosipedçilər" İctimai Birliyinin məram və məqsədləri, gələcək fəaliyyət istiqamətləri, eləcə də müsabiqə üzrə qalib olduğu qrant layihələri, respublika əhəmiyyətli və beynəlxalq idman yarışlarında əldə etdiyi naliyyətlər barədə ətraflı məlumat verilib.

Tədbirdə Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, İB-nin sədri Vüqar Salahov, Azərbaycan Triatlon Federasiyasının vitse-prezidenti Rüfət Həsənov, Olimpiya çempionları Elnur Məmmədov və Hidayət Heydərov, Olimpiya Oyunlarının bürünc və gümüş medalçısı, dördqat Avropa çempionu Hacı Əliyev və dəvət olunan digər qonaqlar çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafı, beynəlxalq idman yarışlarının təşkili, respublikanın idman nüfuzunun artırılması, gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirdikləri misilsiz xidmətləri qeyd ediblər.

Bildirilib ki, son illərdə dövlət tərəfindən velosiped idmanının inkişafına göstərilən diqqət və qayğı öz növbəsində paytaxt Bakıda, ölkənin digər şəhər və qəsəbələrində mikromobilliyin yaradılmasına və genişləndirilməsinə güclü təkan verib, velosipedin ekoloji təmiz nəqliyyat vasitəsi kimi populyarlığının daha da artmasına səbəb olub. Çıxışçılar "Gənc Peşəkar Velosipedçilər" İB-nin ölkəmizdə velosiped idmanının inkişafına artıq layiqli töhfələr verdiyini vurğulayaraq, cəmiyyətdə sağlam həyat tərzinin təbliği və təviqi kimi nəcib və vacib fəaliyyətin həyata keçirilməsində İB-yə uğurlar arzulayıblar.

Tədbirin aparıcısı, İB-nin üzvü Firdovsi Kərimov ümumi yığıncağın qərarı ilə Mədət Quliyevin "Gənc Peşəkar Velosipedçilər" İB-nin fəxri sədri seçildiyini elan edib, Azərbaycan velosiped idman tarixində ilk dəfə olaraq Türkiyənin Ankara şəhərində keçirilən nüfuzlu "GranFondo Başkent" beynəlxalq velosiped yarışında İB-nin üzvü Natalya Vallekin 1-ci yeri qazandığını və İB-nin məşqçisi Musa Mikayılzadənin dəfələrlə müxtəlif turnirlərdə uğurla çıxış etdiyini diqqətə çatdırıb.

İB-nin sədr müavini Qədir Xəlilov qeyd edib ki, "Gənc Peşəkar Velosipedçilər" İB-yi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar keçirilən qrant müsabiqəsinin qalibi olub. O, qrant layihəsi çərçivəsində yaxın günlərdə Xankəndi-Şuşa marşrutu üzrə "Zəfərin izi ilə" adlı veloyürüşün təşkil olunacağını və həmin tədbirdə 100-dən artıq velosipedçinin iştirakının nəzərdə tutulduğunu bildirib. Bu təşəbbüsün gənclərin idmana marağını daha da artırmaqla yanaşı, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qazanılmış şanlı Zəfərin tarixi əhəmiyyətini gələcək nəsillərə çatdırmaq məqsədi daşıdığını söyləyib.

Sonra İB-nin nizamnaməsinə uyğun gələcək fəaliyyət planı üzrə aşağıdakı hədəflər müəyyən edilib:

Ekoloji layihələr: Velosiped idmanının ekoloji təmiz nəqliyyat kimi təbliğ olunması;

İnfrastrukturun inkişafı: Velosiped yollarının artırılması üçün yerli hakimiyyət orqanları ilə birgə layihələr təşkili;

Gənclərin cəlb edilməsi: 10000 gəncə velosiped idmanı ilə tanış olmaq imkanının yaradılması;

Beynəlxalq əməkdaşlıq: Avropa Velosipedçilər Federasiyası ilə birgə layihələrin həyata keçirilməsi;

Elektrovelosipedlər: Alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin populyarlaşdırılması.

Tədbir İB-nin idman ictimaiyyətinə geniş təqdimatının və gələcək layihələrin müzakirəsi ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: