“Məzarımı bayraqla nurlandırın” - FOTOLAR

A- A A+

 “Vətən mənə oğul desə, nə dərdim?” deyir şair. Vətənin ucalığını, Vətənə oğul olmağın qürurunu yalnız bir misra ilə anladır... Bu misra ilə insan sanki daha dərindən dərk edir Vətənin aliliyini və ona oğul ola bilməyin məsuliyyətini...

Vətən müharibəsində Azərbaycan xalqı dağ vüqarlı oğullarına, ordusuna inandı, ordu isə dəmir yumruq olub düşmənə tarixin ən ağır məğlubiyyətini yaşatdı.

27 sentyabr 2020-ci ildə səhər saatlarında başlayan haqq savaşımızda ordunun digər qoşunları kimi daxili qoşunlarda ön xəttdə öz yerini alıb. Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 66 nəfər hərbi qulluqçusu şəhadət zirvəsinə ucalıb, 346 nəfər yaralanıb. Bayraq sevdası ilə tarixə adını yazdıran, zəfər günündə şəhid olan əfsanəvi komandir Şamil Babyevdə bu igidlərdən biridir.

Babayev  Şamil Baloğlan oğlu 26 yanvar 1988-ci ildə Culfa rayonunun Camaldın kəndində anadan olub.  Orta təhsilini Camaldın kənd tam orta məktəbində aldıqdan sonra, 2005-ci ildə həqiqi  hərbi xidmətə yollanıb. Şamil Babayev 2010-cu ildən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Təyinatlı kimi xidmət etməyə başlayıb. 2012- ci ildə peşəkar zabit olmaq üçün Daxili Qoşunların Ali Hərbi məktibinə qəbul olub.

Xidməti müddətində müxtəlif təlim və kurslarda birincilik qazanan Şamil Babayev  2019-cu ildə 3-cü dərəcəli "Qüsursuz xidmətlərə görə" medalı ilə təltif edilib.

Şamil Babayev 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. Şuşa əməliyyatında xüsusi şücaət göstərib. Elə bu döyüşlərdə də şəhidlik zirvəsinə ucalıb.

Vətən oğlu  “Zəfər” ordeninə layiq görülən 33 qəhrəmandan biridir. Həmçinin kapitan “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif  edilib.

Şamil Babayev həqiqi hərbi xidməti bitirdikdən sonra, 2010-cu ildə gizir olaraq daxili qoşunların sırasında xidmət etməyə başlayıb. Vətən oğlu yaxşı bilirdi ki, peşəkar zabit olmaq üçün ixtisaslı, savadlı kadr olaraq təhsil almaq lazımdır. Şamil Babayev hərb sirlərini dərindən öyrənmək üçün 2012-ci ildə Daxili Qoşunların Ali Hərbi məktəbinə qəbul olub. 2014-cü ildə bu məktəbi bitirdikdən sonra xüsusi təyinatlı dəstənin “Atəş Təminat qurupunun” komandiri vəzifəsinə təyin edilib. Bununla da o zabit kimi Vətəninə şərəflə, ləyaqətlə xidmət etməyə başlayıb.

Şamil Babayev 2018-ci ildə “Türkiyə Cümhuriyyəti İç İşləri Bakanlığı Jandarma Genel Komutanlığı foça jandarma komando məktəbini” birinciliklə bitirib. Bu təlim xüsusi təyinatlıların ən çətin təlimlərdən hesab edilir.

Şamil Babayevin uğurları, təltifləri çox olsa da onun ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi idi. Keçdiyi hər təlimdə, hər kursda qeyd edirdi ki, bir gün Qarabağ döyüşlərində bu təlimlərdən öyrəndiklərimi tətbiq edəcəm. Elə də olur. 27 sentyabrda başlayan Vətən müharibəsində Şamil Babayev də öz qəhrəmanlığı ilə tarix yazır. Zabit Füzuli, Xocavənd və Şuşa istiqamətində olan döyüşlərdə xüsusi şücaət göstərir.

Şamil Babayev və komandiri olduğu “Atəş Təminat qurupu” 15 oktyabr tarixində Füzuli istiqamətindən döyüşlərə qatılır. Onun heyəti öncü qrup olaraq fəaliyyətə başlayır. Füzuli şəhərinin mərkəzi ilə Dədəli kəndi arasında qalan ərazidə qrup pusquya düşür. Peşəkar komandir heyəti ilə birlikdə döyüşərək düşməni məhv edir, itgi vermədən pusqudan çıxır.

Füzuli rayonu ərazi etibari ilə sipər almaq, mövqeylənmək üçün çətin yerlərdən biridir. Ərazidə meşə və dağlıq massivin olmamaı burada aparılan əməliyyatları daha çətinləşdirir. Hücum zamanı ani bir ehtiyyatsızlıq burda heyəti açıq hədəfə çevirə bilər. Bu səbəbdən də Atəş təminat qrupu  Füzuli istiqamətində daha çox gecə saatlarında və postların arxasından düşmənə hücum edib. Bu planın uğurlu olması üçün həm heyət peşakar olmalıdır, həm də istənilən çətinliyi ani həmlə ilə dəf edə bilməlidir. Merdinli kəndi istiqamətində Şamil Babayevin qrupu bu tapşırığı da layiqincə yerinə yetirir.

Ard-arda azad edilən Vətən torpağı və dalğalandırılan Azərbaycan bayrağı böyük zəfərdən xəbər verirdi. Artıq Şamil Babayevin ən böyük arzusuna- Şuşanın azadlığına bir addım qalırdı...

Məhz 31 Oktyabr tarixində Atəş təminat qrupuna ən böyük tapşırıq verilir- “Şuşanı azad etmək”!

Komandir və onun heyəti Hadrutdan  5 gün 5 gecə yolları qət edərək, gizli meşə yolları vasitəsilə Şuşaya çatır. Noyabrın 5-i Şuşa uğrunda ilk döyüş başlayır.

Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri 3 qrup olaraq şəhərə fərqli istiqamətlərdən hücum edirlər.  Kapitan Babayev də öz qrupu ilə Şuşaya daxil olur. Mənfur düşmən məğrur döyüşçülərin bir istiqamətdən Şuşaya hücum edəcəyini düşünür. Lakin xüsusi təyinatlılar dünya hərb tarixinə yazılacaq taktikadan istifadə edirlər. Sıldırım qayalardan, dağ və gizli meşə yollarından Şuşa ərazisinə daxil olurlar. Erməni ordusu yalnız Laçın dəhlizi istiqamətində pusquya düşən zaman qəhrəman Azərbaycan əsgərinin Şuşada olduğunu anlayır.

Daxili Qoşunların hərbi qulluqçusu Zeynal Məmmədovun döyüşün vacib məqamında çox böyük bir addım atır. Erməni dilini mükəmməl səviyyədə bilən cəsur döyüşçü düşmən ilə əlaqə qurur və onları pusquya salır. Nəticədə ermənilər daha bir məğlubiyyət yaşayır.

Xüsusi təyinatlılar eyni anda Şuşa qalası, Xankəndi yolu və Laçın dəhlizi istiqamətində düşmənə sarsıdıcı zərbələr endirir. Düşmən müxtəlif çaplı iri silahlarla belə xüsusi təyinatlıların qarşısını ala bilmir.

Qala istiqamətində gedən döyüşlər Şuşanın azad olunmasında xüsusi əhəmiyyət kəsb edirdi. Xüsusi təyinatlı qüvvələr bu ərazi ilə həm də Xankəndi yoluna nəzarət edə bilir, həm də müxtəlif zirehli texnikaların şəhərə daxil olmasının qarşısını alırdılar.

Xüsusi təyinatlı qüvvələrin bir qanunu var desək heç də yanılmarıq. Düşmən xüsusi təyinatlını nə sağ, nə, yaralı, nə də şəhid olaraq ələ keçirə bilməz. Buna görə də Şuşa döyüşlərində  ilk olaraq yaralanan hərbi qulluqçular təxliyə edilirdi. Təxliyə üçün ən uyğun məkanlardan biri isə “Mxitaryanın villası” sayılır. Villa möhkəm tikildiyi üçün  zərbələrədə daha davamlı sayılırdı və döyüşün mərkəz ərazilərindən birində- Şuşa qalasınınm içində yerləşirdi.

7 Noyabr tarixində düşmənə ən ağır zərbə endirilir. Xüsusi təyinatlı Rəşad Məmmədov tərəfindən Şuşa Şəhər İcra Hakimiyyətinin binasında Azərbaycan bayrağı dalğalandırılır. 30 ildən sonra ilk dəfə məhz o gün bayrağımız əzəli və əbədi yurdunda bərq vurur. İcra hakimiyyətinin binası Xankəndi ərzasindən aydın göründüyü üçün bayrağın dalğalandığını erməni ordusu da izləyir. Həmin andan etibərən son çıxış olaraq bütün artilleriyadan Şuşa atəşə tutulur. Bu döyüş zamanı minamiyotdan açılan atəş nəticəsində kapitan Babayev bel, qol və ayaq nahiyyəsindən yaralanır.

Noyabr ayının 13-də zabit sevdalısı olduğu Vətəninə, Naxçıvanına son dəfə qayıdır. Bu dəfə isə onu və onun kimi qəhrəmanları bütün Naxçıvan qarşılayır. Şəhidlik zirvəsinə yüksələn Şamil Babayev Camaldın kəndində dəfn edilir.

Şamil Babayev müharibənin başladığını biləndə özünə bayraq alır. Bütün döyüş müddəti də o bayrağı sol cibində, qəlbinin üstündə daşıyır. Döyüş yoldaşlarına “Şəhid olsam qəlbimin üstündə daşıdıbayrağı məzarımda, başımın altına qoyarsınız” deyir.

Şəhid kapitanın həyatına Vətənə Şamil olunan ömür desək heç də yanılmarıq. O hər kəsdən, hər sevdadan çox sevdi bayrağını, torpağını. Bu gün ondan qürurla bəhs edən oğlu Yusif isə bu Vətənə, xalqa əmanətdir.

Qürurluyuq, çünki Şamil Babayev kimi qəhrəmanlarımız var. Qürurluyuq, çünki müzəffər ordunun arxa dayaq bildiyi qalib xalqıq. Qürurluyuq çünki bütöv və azad Vətənimizdə başı dik bayrağımızı seyr ediirk.

 

Məsumə Şirəliyeva

Naxçıvan Televiziyasının əməkdaşı

 

 

.

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: