Naxçıvanın flora, fauna və torpaq örtüyü davamlı tədqiq olunur - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində Bioresuslar İnstitutunun 2009-2018-ci illərə aid elmi fəaliyyəti müzakirə edilib. Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genefondun qorunması və səmərəli istifadəsi institutun əsas fəaliyyət istiqamətlərindəndir.
AMEA Naxçıvan Bölməsinin Bioresuslar İnstitutunun direktor müavini İsmayıl Məmmədov bildirib ki, institut ötən 10 illik fəaliyyəti dövründə elmi-tədqiqat işlərini plana uyğun yerinə yetirib. Belə ki, hesabat dövründə institutun əməkdaşları tərəfindən 55 monoqrafiya, 2 dərs vəsaiti, 17 kitab, 17 metodik vəsait və 1456 elmi məqalə nəşr olunub. Hazırda Naxçıvan Muxtar Respublikasının bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları mövzusu üzrə 25 mərhələdə 11 tədqiqat işi aparılır.
Bioresurslar İnstitutunun tərkibindəki şöbə və laboratoriyaların, eyni zamanda Nəbatat bağı, Zooloji Muzey, Yaşıl əczaxana və “Herbari fondu” fəaliyyət göstərir.
Sonra AMEA Naxçıvan Bölməsinin gənc alim və mütəxəssisləri ilə görüş olub.
Qeyd edək ki, “Elm həftəsi” çərçivəsində baş tutan tədbirlər martın 16-na kimi davam edəcək.
Cavid Səfərli