Zəfərlərə gedən yolun başlanğıcı – Sentyabr

A- A A+

Payızın başladığı ay olan sentyabr, həm də zəfərlərimizin başlanğıc tarixi, əzəli və doğma yurd yerlərinə qayıdış ayı hesab olunur.

2020-ci ildən sentyabr ayı başqa ab-hava ilə qarşılanır. 2020-ci ildən etibarən bu ay təkcə payızın yox, həm də zəfərlərin, əzmin və haqq mübarizəsinin simvoluna çevrilib. 44 günlük Vətən müharibəsi ilə başlanan yol, 2023-cü ilin 23 saat 43 dəqiqəlik antiterror tədbirləri ilə davam edərək, Azərbaycan tarixində yeni bir mərhələ açdı. Hər dəfə düşmənin təxribatlarına qarşı göstərilən adekvat cavab, ordumuzun peşəkarlığı və əsgərlərimizin misilsiz şücaəti ilə müşayiət olundu. Sentyabr ayı bu baxımdan illərlə çəkilən həsrətin sonunu, işğal altındakı torpaqlara qayıdışın başlanğıcını simvolizə edir.

2020-ci ilin sentyabr ayından bəri, payızın bu ilk ayı Azərbaycan xalqı üçün tamamilə fərqli, yeni bir məna kəsb etməyə başlayıb. Əvvəllər sentyabr sadəcə təbiətin dəyişdiyi, məktəblərin açıldığı bir ay idi. Artıq bu ay həm də şərəf, qəhrəmanlıq və bütövlük simvoluna çevrilib. Bu, sadəcə bir döyüşün başlanğıcı deyil, eyni zamanda 30 illik işğala son qoyan, tarixin qara səhifəsini parlaq zəfər dastanı ilə əvəz edən bir dönüş nöqtəsi oldu.

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan, döyüş meydanında qazandığı qələbəni beynəlxalq səviyyədə diplomatik uğurlara çevirə bilib. Hərbi qələbələrimiz regionda sülhə və əməkdaşlığa aparan yeni yolların açılmasına zəmin yaradır. Ölkəmiz bölgədə sülhün və sabitliyin təşəbbüskarı kimi çıxış edir, yeni kommunikasiya xətlərinin və əməkdaşlıq platformalarının açılmasında maraqlıdır. Azərbaycanın təşəbbüskarı olduğu bu yeni reallıq, yalnız güclə deyil, ölkə liderinin uzaqgörən siyasəti və sarsılmaz iradəsi ilə formalaşıb. 8 avqust Vaşinqton görüşü bütün bunların əyani təntənəsi oldu.

Bizə bu zəfəri bəxş edənlər illərlə unudulmayan tarixi torpaqlarımızı işğalçılardan azad etmək üçün son damla qanlarına qədər döyüşən cəsur Vətən oğullarıdır. Onlar döyüş meydanında, dəmir yumruqla 30 illik işğala son qoyaraq, xalqımızın intiqam hissini qələbə sevinci ilə əvəz etdilər. Onların hər biri işğalçı terrorçuları yerində oturdub, 30 ilin qisasını məhz döyüş meydanında alan cəsur döyüşçülərdir.

Bu gün Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş hər yerdə qürurla dalğalanır. Əlbəttə ki, bu, sadəcə bir bayraq deyil, hər bir şəhidin qanı, hər bir qazinin fədakarlığı və hər bir vətəndaşın zəhmətidir. Zəfər Sentyabrı bizə göstərdi ki, xalqımızın birliyi və qətiyyəti qarşısında heç bir qüvvə dayana bilməz. Xalqımızın mübarizə ruhunun, qətiyyətinin və birliyinin sönməz simvolu olaraq sentyabrdan başlanan tarixi günlər, hər zaman qəlbimizdə yaşayacaq və gələcək nəsillərə Vətən sevgisi, qəhrəmanlıq və birlik ruhunu aşılayacaq.

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: