Tələbələr arasında hərbi-idman oyunu keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi-idman oyunu keçirilib. Yarışdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov “Vətən naminə” hərbi-idman oyununun keçirilməsinin mahiyyəti haqqında məlumat verib və komandalara uğurlar arzulayıblar. Bildirilib ki, bu gün muxtar respublikada uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması, həmçinin yeniyetmə və gənclərin ordu sıralarına hazırlanmasıdır. Hərbi-vətənpərvərlik tərbiyəsinin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsulları da meydana çıxarıb, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması daha da gücləndirilib.

Qeyd olunub ki, “Vətən naminə” hərbi-idman oyununun da məqsədi gənclərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərmək və gənclərə vətənpərvərlik hisslərinin aşılanmasıdır.

“Vətən naminə” hərbi-idman oyunu “Darağa patron doldurulması və boşaldılması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açılması”, “Fiziki hazırlıq”, “Maneələrin dəf olunması” mərhələlərindən və Peyntbol yarışından ibarət olub.

Oyunda Naxçıvan Dövlət Texniki Kollecinin komandası I, Naxçıvan Dövlət Universitetinin komandası II yerə, "Naxçıvan" Universitetinin komandası isə III yerə çıxıblar. Qalib komandalar və komanda üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlarla təltif olunublar. Ümumilikdə 130 nəfərə yaxın gəncin iştirak etdiyi hərbi-idman oyunu Gənclər və İdman Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə keçirilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: