Yol hərəkəti qaydalarında müsbət nəticəyə nail olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici  tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yol hərəkəti qaydalarının təşkili ilə bağlı keçirilən maarifləndirici söhbətlərin əhəmiyyətindən bəhs edib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin idarə rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada sərnişin və piyadaların yol hərəkəti qaydalarına riayət etməsi istiqamətində maarifləndirici tədbirlərin mütəmadi aparıldığını deyib. Vurğulanıb  ki, nazirliyin təşəbbüsü ilə səsli mətnlərin elektron kartlara köçürülərək şəhərdaxili marşrutlarda səsləndirilməsi, Gənclər Fonduna üzv olan bir qrup könüllü tələbə-gənclər tərəfindən piyada və sərnişinlərə bukletlərin paylanılması bu tədbirlər sırasındadır. Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ziyalılar-xüsusən ali təhsil alan gənclər daha fəal olmalıdırlar, - deyən polis polkovniki tələbələri yol hərəkəti qaydalarına riayət etməklə digər vətəndaşlara nümunə olmağa çağırıb.

Nazirliyin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov Naxçıvanda piyada keçidlərinin 3D formatında qurulduğunu deyib. Bu cür keçidlər hərəkət iştirakçılarının avtomobil yollarında daha rahat və təhlükəsiz istifadəsi üçün tətbiq edilir. 

Görüşdə nizamlanan və nizamlanmayan piyada keçidləri, işiqfordan istifadə qaydaları, yol hərəkəti qaydalarını pozmağa görə cərimələnmə məsələləri ilə bağlı ətraflı məlumat verilib.  Qeyd olunub ki, inzibati xətalar məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı piyadaların da kifayət qədər məsuliyyəti nəzərdə tutulub. Yol hərəkəti qaydalarında artıq müsbət nəticəyə nail olunduğunu qeyd edən Ayaz İsmayılov bildirib ki, 2016-cı ildə 20, 2017-ci ildə 12, 2018-ci ildə isə 7 nəfərin həlak olması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribsə, 2019-cu ildə isə hələ ölümlə nəticələnən yol qəzası olmayıb.

Universitetin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Toğrul Məmmədli Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolundan danışıb.

Naxçıvan Televiziyasının hazırladığı “Piyada keçidindən keç, həyatından keçmə”, “Piyada və sərnişinin vəzifələri” adlı videoçarxlar nümayiş olunub. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: