“Vətən” hər birimizin ən əziz kəlməsidir. Bu torpaq uğrunda neçə oğul, neçə qız öz canını fəda edib. 1990-cı illərin əvvəllərindən erməni işğalı altında olan Qarabağ uzun illər doğma sakinlərini gözlədi. Nə beynəlxalq təzyiqlər, nə də BMT qətnamələri bu həsrətə son qoya bildi.
Bu nisgilə yalnız Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın ona olan sarsılmaz inamı və Vətən sevdalı övladlarımız son qoydu.
27 sentyabr – Zəfərə aparan gün
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bu, torpaqlarımızın azadlığına aparan müqəddəs yolun başlanğıcı oldu.
44 günlük müharibənin qələbə salnaməsi
44 gün davam edən Vətən müharibəsi ərzində Azərbaycan bir-birinin ardınca doğma yurdlarını azad etdi:
4 oktyabr – Cəbrayıl
17 oktyabr – Füzuli
20 oktyabr – Zəngilan
25 oktyabr – Qubadlı
8 noyabr – Şuşa
10 Noyabr – Zəfər Günü
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla atəşkəs elan olundu. Ermənistan işğalçı qüvvələri Azərbaycanın digər ərazilərindən çıxarıldı. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər,1 dekabrda Laçın rayonu isə bir güllə atılmadan azad edildi. Beləliklə, 30 illik Vətən həsrəti sona çatdı, 10 Noyabr isə Zəfər Günü kimi tarixə yazıldı.
2020-ci il dekabrın 2-də Prezident İlham Əliyev 27 Sentyabrın Azərbaycanda Anım Günü elan edilməsi barədə Sərəncam imzalayıb.
Bu günü biz həm kədər, həm də qürurla yad edirik. Çünki bu gün azad torpaqlarda nəfəs alırıqsa, bayrağımız qürurla dalğalanırsa, bunu toy paltarı yerinə kəfənə bürünən şəhidlərimizə və sağlamlığını Vətən yolunda fəda edən qazilərimizə borcluyuq.
Şəhidlərimiz ölməzdir. Onlar Azərbaycanın tarixini qızıl hərflərlə yenidən yazdılar. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə isə sağlam can arzulayırıq.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi