Vətənin qəhrəman, Naxçıvanın igid oğulları hər zaman torpaqlarımızın keşiyində durublar. Onlar eyni amal uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalıblar.
Əliyev Elşad Əli oğlu 1972-ci ildə Babək rayonunun Nehrəm kəndində dünyaya gəlib. 1990-cı ildə Sovet ordusunda hərbi xidmətə çağırılıb. Sonrakı siyasi proseslərə görə xidmətini Azərbaycan Ordusunda davam etdirib. 1993-cü ildə Naxçıvan şəhərindəki hərbi hissələrdən birində xidmət göstərərkən könüllü şəkildə Qarabağa yollanmaq istəyib. Ağdam yaxınlığında gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. 1993-cü il aprelin 19-da ona və döyüş yoldaşına tapşırılan vəzifəni yerinə yetirərkən minaya düşərək şəhid olub. Nehrəm qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Onun xatirəsi əbədiləşdirilib – Nehrəm kənd 2 saylı tam orta məktəbi onun adını daşıyır, qəsəbədə şəhidlərə həsr olunan abidə kompleksi ucaldılıb və Şəhid Elşad Əliyevin büstü qoyulub.
Muradov İlkin İlyas oğlu 1997-ci il sentyabrın 27-də Şahbuz şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2011-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. 2017-ci ildə təhsilini bitirərək leytenant rütbəsi alıb. 2020-ci il iyunun 29-da baş leytenant rütbəsinə yüksəlib. 44 günlük Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Kəlbəcər istiqamətində döyüşlərə qatılıb. Baş Leytenant İlkin Muradov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra o, dövlətimizin ali orden və medalları ilə təltif edilib.
Bu qəhrəman oğullarımızın ömür yolu gələcək nəsillərə örnəkdir. Onlar canları bahasına Azərbaycanın bütövlüyünü, xalqımızın şərəfini qorudular.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi