Torpaq uğrunda canından keçənlər, millətin yaddaşında daim ucalıqla xatırlanır. Onlar həyatın ən gözəl çağlarını Vətənə fəda edir, öz ölümləri ilə xalqına əbədi həyat bəxş edirlər. O igidlərdən biri də Şərurun Daşarx kəndində doğulan Asəf Fərəcovdur.
1966-cı il sentyabrın 28-də dünyaya gələn Asəf gənc yaşlarından Vətənə bağlılığı ilə seçilirdi. 1983-cü ildə orta məktəbi bitirdikdən sonra həyat yolunu axtaran gəncin qarşısına tezliklə ağır sınaqlar çıxdı. Ermənilərin hücumları zamanı o, Sədərək və Havuş kəndləri uğrunda gedən döyüşlərdə iştirak etdi.
1994-cü ilin yazında isə taleyi onu bir daha döyüş yollarına apardı. Bakıda oxuduğu instituta yazı işlərini təqdim etmək üçün gələn Asəf tərəddüd etmədən könüllü olaraq Qarabağa yollandı. Nəsimi rayonunda hərbi hazırlıq keçdikdən sonra o, ön cəbhəyə yola düşdü.
Mayın 8-də Tərtər istiqamətində gedən ağır döyüşlərdə Asəf Fərəcov əsl qəhrəmanlıq göstərdi və Vətən yolunda canını fəda etdi. Şəhidin nurlu məzarı doğulduğu Daşarx kəndindədir.
Onun adı isə daim uca tutulur – 1994-cü il iyulun 21-də Şərur Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə Yuxarı Daşarx kənd tam orta məktəbi qəhrəmanın adını daşıyır. Məktəbin qarşısında qoyulmuş büst gənclərə həm keçmişi xatırladır, həm də gələcəyə yol göstərir.
Asəf Fərəcov kimi igidlər unudulmur. Onların nəfəsi bu gün Naxçıvanda, Qarabağda, Azərbaycanın hər qarışında duyulur. Onların ruhu xalqımıza güc verir, dövlətimizin bayrağını daha uca zirvələrə aparır.
Vətənin igid övladları, ruhunuz qarşısında baş əyirik! Siz Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqsınız.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi